Azərbaycanda bu il 216 nəfər qızılcaya yoluxub

Azərbaycanda 2018-ci ilin noyabr ayından qızılcaya yoluxma aşkarlanır. Laborator müayinələr nəticəsində 2018-ci ilin dekabr ayında 55, 2019-cu ilin yanvar ayında 106, fevralda isə 110 qızılcaya yoluxma qeydə alınıb.

 

Medpress.az bildirir ki, bu haqda Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.

 

Onun sözlərinə görə, xəstəliyə yoluxanların əksəriyyəti, təxminən 93 faizi, vaxtilə peyvənd olunmamış 20-40 yaşlı şəxslərdir: “Tək-tək hallarda uşaqlarda da qızılcaya yoluxma öz təsdiqini tapıb. Onlar müxtəlif səbəblərdən peyvənddən kənarda qalmış uşaqlardır”.

 

Səhiyyə naziri Oqtay Şirəliyev respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzaladığını xatırladan direktor müavininin sözlərinə görə, artıq Azərbaycana böyük yaşlı əhali üçün nəzərdə tutulan 160 doza vaksin gətirilib: “Müxtəlif səbəblərdən peyvənd olunmamış 10 yaşa qədər uşaqların valideynləri isə istənilən vaxt ərazi tibb müəssisələrinə müraciət edə bilərlər. Ölkədə uşaqların sayına uyğun, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələblərinə cavab verən kifayət qədər təhlükəsiz qızılca-parotit-məxmərək əleyhinə kombinə olunmuş vaksin var”.

 

Afaq Əliyeva əhalinin xaricə səfərləri ilə əlaqədar xəstəliyin Azərbaycana gətirilmə hallarının da qeydə alındığını vurğulayıb.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir