Saxta əlilliklə bağlı yeni faktlar AÇIQLANDI

Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq işçi qrupu risk faktorlar üzrə araşdırmalar aparıb, əsassız göndərişlər (Forma 88) əsasında aparılan əlillik təyinatlarını aşkar edərək ləğvini davam etdirir.

 

 

Medpress.az-a nazirlikdən verilən məlumata görə, 2016-2018-ci illər üzrə hərbi səbəblərlə, xüsusilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunanların sayının nisbətən çoxluğu şübhə doğurduğundan müvafiq araşdırmalar aparılıb.

 

Qanunvericiliyə uyğun olaraq, vətəndaşların əlilliyi dövlət səhiyyə müəssisələri tərəfindən rəsmiləşdirilərək elektron formada nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ötürülən göndərişlər əsasında qiymətləndirilir.

 

Göndəriş rəsmiləşdirilərkən Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar və Çernobıl Atom Elektrik Stansiyasında hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi üçün müvafiq hərbi-həkim komissiyasının verdiyi şəhadətnamə və qərar əsas götürülür.

 

Səhiyyə Nazirliyi ilə birgə aparılan ilkin araşdırma zamanı bəzi hallarda vətəndaşların səhiyyə müəssisələrinə təqdim etdiyi qərar və şəhadətnamələrin tarixlərinə görə qeydiyyat nömrələrində uyğunsuzluqlar olduğu müəyyənləşib. Bu baxımdan həmin şəhadətnamə və qərarların hərbi-həkim komissiyalarında olan ilkin sənədlərə uyğunluğu şübhə yaradıb. Təqdim edilən siyahı və hərbi-həkim komissiyalarından verilən şəhadətnamə, arayış, akt və qərarların surətləri araşdırılmaqla, təkrar yoxlanılmaq üçün aidiyyəti üzrə hərbi-həkim komissiyaları fəaliyyət göstərən aidiyyəti orqanlara göndərilib.

 

Aidiyyəti qurumlardan təqdim edilən materialların araşdırılması nəticəsində müəyyən olunub ki, 36 nəfərin əlillik təyinatının səbəb əlaqəsi əslində olduğundan fərqlidır. Eyni zamanda, 16 nəfər üzrə əlillik səbəbini təsdiq edən sənəd hərbi-həkim komissiyalarında olan ilkin sənədlərdə aşkar olunmayıb, 9 nəfərin əlillik səbəbini təsdiq edən sənədin mətni saxtalaşdırılıb.

 

Bununla əlaqədar əsassız  hərbi səbəblərlə aparılan əlillik təyinatları ləğv edilib və həmin təyinatlar üzrə artıq ödənilən vəsaitin bərpası, eyni zamanda müvafiq şəxslərin əlillik müayinələrinin etibarsız edilməsi və düzgün səbəb əlaqəsi ilə daxil edilməsi işləri aparılır, eləcə də saxtakarlıq faktlarına hüquqi qiymətin verilməsi məqsədilə materiallar prokurorluğa təqdim edilib.

 

 

 

(Visited 296 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir