Azərbaycanın 3 rayonunda – Mingəçevir, Yevlax və Ağdaşda pilot layihələr həyata keçirilir. Əsas məqsədimiz əhaliyə əlçatımlılığı təmin etmək və xəstəxanaların maliyyələşmə mexanizmini dəyişməkdir. Əvvəllər xəstəxanalar çarpayı və həkimlərin sayına görə maliyyələşirdi. Pilot layihələr həyata keçirdiyimiz ərazilərdə maliyyələşməni tamamilə dəyişərək onların göstərdiyi xidmətə görə maliyyələşməni həyata keçirdik. Layihə həyata keçirilən ərazilərdə həkimlərin və tibb işçilərinin əmək haqlarında dəyişiklik etdik.
Medpress.az bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı Azərbaycan İcbari Tibbi Sığorta Dövlət Agentliyinin sədri Zaur Əliyev söyləyib.
O deyib ki, pilot layihə olduğu üçün müvəqqəti olaraq baza əmək haqları üzərinə göstərdikləri xidmətlərə görə həkimlərə müəyyən bonuslar hesablanıb: “Artıq onların əmək haqqında kifayət qədər artım olub. Pilot layihədə elə həkimlərimiz var ki, 5-6 min manat əmək haqqı alırlar. Orta tibb işçilərinin əmək haqqında da kifayət qədər artım olub. Göstərilən tibbi xidmətlərə gəldikdə, əməliyyat xidmətlərinin sayı 52 faiz artıb. Bilirsiniz ki, ölkədə ölümlər daha çox ürək-damar xəstəlikləri ilə bağlıdır. Layihə keçirdiyimiz ərazilərdə ölüm sayı azalıb” – Zaur Əliyev vurğulayıb.