Üç aylıq körpə üzərində aparılan ürək əməliyyatı onu yenidən həyata qaytarıb. Anası bir həftə əvvəl doğulan Ramiqi Bərdə rayonunda kardioloqa aparıb müayinə etdirəndə körpəyə ağır anadangəlmə ürək qüsuru diaqnozu qoyublar. Uşağı Bakıya gətirərək müxtəlif xəstəxanalara üz tutublar. Həkimlər körpənin iyirmi gün ərzində təcili əməliyyat edilməsini, lakin onun yaşamaq ümidinin çox az olduğunu bildiriblər. Böyük arteriyaların transpozisiyası diaqnozu ilə doğulanların bədənə gedən damar sağ mədəcikdən, ağciyərlərə gedən damar isə sol mədəcikdən çıxır və bunun nəticəsində paralel qan dövranı yaranır. Həkimlər onun əməliyyat edilməsini məsləhət görüblər.
Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Mərkəzi Gömrük hospitalının ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərlik etdiyi həkimlər briqadası həmin əməliyyatı aparmağı öz üzərinə götürüb. Altı saat davam edən ağır əməliyyatdan sonra xəstə reanimasiyada 20 gün süni tənəffüs aparatına qoşularaq yaşayıb.
Cərrahların, eləcə də neonatoloq və reanimotoloqların birgə səyi ilə körpə yenidən həyata qaytarılıb.
Üç ayı yenicə tamam olan Ramiq Əlizadə əməliyyatdan sonra normal vəziyyətdə ailə üzvlərinə qovuşub.