COVAX beynəlxalq layihəsi çərçivəsində koronavirus əleyhinə təqribən 2 milyard doza vaksin rezerv edilib.
Medpress.az BMT-nin saytına istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus bu barədə Cenevrədə brifinqdə bildirib. Bu vaksinlər COVAX beynəlxalq təşəbbüsündə iştirak edən üzv dövlətlər arasında bölüşdürüləcək.
Tedros Qebreyesus deyib: “Biz bu gün şadıq ki, bir neçə ümidverici vaksin-namizəddən təqribən 2 milyard dozanın tədarükünün COVAX tərəfindən rezerv edilməsini elan edirik”. Onun sözlərinə görə, “vaksin bankı COVAX təşəbbüsündə iştirak edən 190 ölkə və iqtisadi sistemlərin hamısı üçün artıq 2021-ci ilin birinci yarısında əlçatan olacaq”.
COVAX – COVID-19 əleyhinə vaksinlərin istehsalı və mərkəzləşdirilmiş tədarükü üçün unikal təşəbbüsdür. Bu layihə vaksinin təkcə zəngin dövlətlər üçün deyil, həmçinin aşağı gəlirə malik ölkələr üçün də əlçatan olması məqsədilə hökumətlərin və istehsalçıların əməkdaşlığını təmin edir.
ÜST-də qeyd ediblər ki, aşağı və orta gəlirə malik 92 ölkəyə donorların bilavasitə maliyyə dəstəyi ilə azı 1,3 milyard doza vaksin təqdim olunacaq. Vaksinlərin ilk partiyaları artıq gələn ilin birinci rübündə yola salınacaq.
2 milyard doza vaksin əczaçılıq şirkətləri ilə əvvəlcədən tədarük barədə razılaşmanın imzalanması yolu ilə rezerv edilib. Beləliklə, 170 milyon doza vaksin “AstraZeneca” şirkətindən, 500 milyonu isə bir dəfə vurulduqda effektli ola biləcək vaksin üzərində hazırda çalışan “Johnson & Johnson” istehsalçısındandır.
Bu razılaşmalar artıq bundan əvvəl COVAX ilə Hindistanın zərdablar institutu (SII) arasında bağlanan, “AstraZeneca/Oxford” yaxud “Novavax” şirkətlərindən 900 milyon dozayadək namizəd-vaksinin artırılması mümkün olan 200 milyon doza vaksinin tədarükünü nəzərdə tutan razılaşmalara əlavə olacaq. Həmçinin “Sanofi/GSK” namizəd-vaksinin satışı üzrə niyyət sazişi bağlanıb.
İstehsalçılarla birbaşa razılaşmalar vasitəsilə iki milyard doza vaksinin tədarükünün qəbul edilməsini rezerv edərək COVAX-da onların bölüşdürülmə prinsipini təsdiqləyiblər. Nəzərdə tutulub ki, daha yüksək gəlirə malik ölkələr vaksinləri COVAX mexanizmi üzərindən əlçatan olan ikitərəfli razılaşma vasitəsilə əldə edə bilərlər. Lakin belə tədarüklər ədalətli əsasda həyata keçirilməlidir. Bununla belə ÜST-də vurğulayıblar ki, vaksinlərin alınması barədə bütün razılaşmalar ilkin xarakter daşıyır, vaksinlər təhlükəsiz və effektli olmalıdır.
ÜST-də keçirilən brifinqdə elan edilib ki, COVAX mexanizmi çərçivəsində vaksinlərin tədarükü artıq 2021-ci ilin birinci rübünə planlaşdırılıb. Tibbi və sosial işçilərin müdafiəsi üçün kifayət edəcək həcmdə ilk partiya COVAX mexanizmində iştirak edəcək və artıq müvafiq müraciətlər təqdim edən ölkələrə gələn ilin birinci rübündə çatdırılacaq. Bütövlükdə, 2021-ci ilin sonunadək COVAX çərçivəsində bu beynəlxalq mexanizmdə iştirak edən ölkələrin “əhalisinin 20 faizi”nin əhatə edilməsi planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan COVAX mexanizminin iştirakçısıdır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının sözlərinə görə, COVAX təsisatı çərçivəsində ölkəmiz əhalinin sayının 10 faizi qədər vaksin alacaq. Növbəti dövrdə əhalinin müəyyən sayı çərçivəsində də vaksinlər alınacaq. Qısa müddətdə bir, iki, hətta üç milyon insanı vaksinasiya etsək, o qədər də çox kütləvi immunitetə nail olacağıq (AZƏRTAC).