AİDA Çadda mindən çox pulsuz göz əməliyyatı etdi

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Çadda 1011 şəxsi ödənişsiz əsasda göz əməliyyatı edib.

 

Medpress.az “Report”a istinadən bildirir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu il noyabrın 25-dən dekabrın 5-dək Çadın paytaxtı Ncamena şəhərində Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və İslam İnkişaf  Bankının (İİB) 2012-ci ildən etibarən Afrika ölkələrində birgə həyata keçirdiyi “Qarşısı alına bilən görmə qabiliyyəti ilə mübarizə kampaniyası” (AFAB) çərçivəsində görmə qabiliyyətinin bərpası üzrə əməliyyatların növbəti aksiya təşkil olunub.

 

Kampaniyanın açılış mərasimində Çadın səhiyyə naziri Əziz Məhəmməd Saleh çıxış edərək ölkəsinin inkişafına, xüsusilə görmə qabiliyyətinin bərpası ilə əlaqədar həyata keçirilmiş layihələrə göstərdikləri dəstəyə görə Azərbaycana, İslam İnkişaf  Bankına, İnkişaf naminə İslam Həmrəylik Fonduna, Tunisin Nadi əl-Bassar təşkilatına və “Biq hart” Fonduna dərin minnətdarlığını bildirib.

 

Həmin müddətdə Çadda keçirilən kampaniya çərçivəsində 1011 nəfər ödənişsiz əsasda göz əməliyyatı olunub, 7200 xəstə isə müayinədən keçirilib. Sözügedən kampaniya Çadın yerli mətbuatda ətraflı işıqlandırılıb.

 

2012-ci ildən AİDA və İİB-nin strateji tərəfdaşlığı çərçivəsində Afrika qitəsində keçirilmiş kampaniyalar zamanı 300 mindən çox şəxs müayinə olunub, 56 mindən çox insan isə əməliyyat olunaraq öz sağlamlığına qovuşub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir