AQTA: Özəl qida laboratoriyaları açılmalıdır

“Qida təhlükəsizliyi üzrə nəzarət və tənzimləmə fəaliyyətləri qida zənciri boyu və risk əsaslı yanaşma əsasında həyata keçiriləcək”. Medpress.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.

 

Sədr qeyd edib ki, hazırlanan qanun layihəsi aidiyyəti dövlət orqanlarına və qurumlarına rəylərin alınması üçün göndərilib, onlardan daxil olan rəy və təkliflər əsasında təkmilləşdirilib: “Qanun layihəsi bütün əlaqəli dövlət orqanları və qurumları ilə razılaşdırılıb və artıq hökumətə təqdim edilib”.

Q.Təhməzli əlavə edib ki, qanun layihəsində mövcud qida təhlükəsizliyi sistemində beynəlxalq təcrübə əsasında bir neçə islahatların aparılması nəzərdə tutulub: “Qida təhlükəsizliyi sahəsində normativ tənzimləmə beynəlxalq standartlardan istifadə, şəffaflıq, ekvivalentlik, xarici ticarətə və sahibkarların fəaliyyətinə əsassız maneələrin yaradılmaması prinsipləri nəzərə alınmaqla həyata keçiriləcək və qida təhlükəsizliyi, baytarlıq və fitosanitar norma və qaydaları bu prinsiplər nəzərə alınmaqla yenilənəcək”.

O vurğulayıb ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatından qida obyetklərinin qeydiyyatı və təsdiqi sisteminə keçiləcək: “Yüksək riskli məhsullara aid obyektlər qiymətləndirmə aparmaqla təsdiq olunacaq, aşağı riskli məhsullara aid obyektlər isə qiymətləndirmə aparılmadan qeydiyyata cəlb olunacaq.

Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənəcək məhsulların idxalı üçün xarici istehsal obyektləri qarşılıqlı tanınma əsasında ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən, qarşılıqlı tanınma olmadıqda isə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq və ya qeydiyyat prosedurundan keçiriləcək”.

 

AQTA sədri qeyd edib ki, ölkədə özəl qida laboratoriyaları açılmalı və beynəlxalq akkreditasiyadan keçməlidirlər: “Bunun üçün ilk vaxtlardan sahibkarlıq strukturlarına müraciət edilmişdi ki, özəl laboratoriyalar yaradılsın və müvafiq qurumlar da onları təşviq etməlidirlər ki, qidalanma sahəsində belə laboratoriyalar açsınlar. Beynəlxalq akkreditasiyadan keçdikdən sonra həmin laboratoriyaların cavablarını özümüz üçün ekvivalent olaraq qəbul edib tanıyacağıq. Bu cavablara əsasən sahibkarlara müvafiq sənədləşmələr təqdim olunacaq” (“report.az”).

 

(Visited 35 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir