ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam R.Qil noyabrın 26-da “Təmiz Dünya” İctimai Birliyinin qadınlar üçün nəzərdə tutulan sığınacağına səfər edib.
Medpress.az bildirir ki, səfirliyin yaydığı məlumata görə, Bakıda yerləşən sığınacağa səfərin məqsədi Ümumdünya Ailədaxili Zorakılığa qarşı 16 günlük Fəaliyyət Kampaniyasının qeyd edilməsi olub.
Səfər zamanı müvəqqəti işlər vəkili sığınacağın müdiri Mehriban Zeynalova, əməkdaşlar və sığınacaqda məskünlaşan qadınlar və onların ailə üzvləri ilə görüşərək ailədaxili zorakılığın cəmiyyətə vurduğu ziyanı müzakirə edib.
Sığınacaqda olduğu zaman Uiiyam Qil məskunlaşan şəxslərə sosial işçilər, psixoloqlar və digər mütəxəssislər tərəfindən göstərilən yardımlar da daxil olmaqla həyata keçirilən fəaliyyətlər barədə məlumat alıb.
“Səfirlik bu və digər sığınacaqlara yardım etməyə davam edəcək və biz Azərbaycan hökumətini də bunu etməyə çağırırıq”, – Uilyam Qil deyib.
ABŞ səfirliyi ictimayyət nümayəndələrini “Facebook”, “Instagram”, və “Twitter” sosial platformalarını nəzərdən keçirərək sözügedən 16 günlük kampaniyaya qatılmağa dəvət edir.