Haitidən olan 9 yaşlı Con Oliviera xristian missioner, yəhudi həkim və müsəlman ailənin sayəsində xilas edilib. Uşağın çənəsində xoşxassəli olsa da, onun yeməsinə maneçilik törədən şiş əmələ gəlib. Üstəlik şiş onun həyatı üçün təhlükə yaradıb: ona görə nəfəs almaqda çətinlik çəkib və boğulması üçün ciddi risk olub.
Medpress.az xarici mediaya istinadən xəbər verir ki, iki il əvvəl Calvary Chapel Brightondan olan missioner Berkli Styuart Conla Haitiyə səfəri zamanı görüşüb. Onun nəzərini dərhal oğlanın çənəsindəki şiş cəlb edib. O, 2017-ci ilin ortalarında yenidən Haitiyə gələndə Conun atasından öyrənib ki, həkimlərin sözlərinə görə, oğlanın maksimum bir il ömrü qalıb: əgər şiş əməliyyat edilməsə, o, tezliklə təngnəfəs olacaq.
“Mən o zaman Allaha yalvardım: “Mən istəyirəm ki, bu oğlan sağalsın! Mən nə lazımdırsa, edəcəyəm”, – missioner Britaniya KİV-nə müsahibəsində deyib.
O, Port-o-Prens hava limanında tibb missionerləri qrupunu qarşılayıb, onların arasında üz-çənə cərrahı – ABŞ-ın Avon Oral Maxillofacial Surgerydan həkim Styuart Liblix da olub. Berkli Styuart ona Conun şəklini göstərib və həkim Liblix anestezioloqla məsləhətləşərək onu pulsuz əməliyyat etməyə razılaşıb.
Əməliyyatın qalan xərclərini ödəmək üçün missioner vəsait toplanmasını təşkil edib və 10 min dollar yığa bilib. Üstəlik, Denverdən olan anonim şirkət əməliyyat üçün vacib olan cərrahiyyə avadanlığı bağışlayıb.
Sanki əməliyyat üçün hər şey hazır olub, ancaq balaca Conu ABŞ-a gətirmək asan olmayıb: Haitidən olan həkim əvvəlcə sənədləri imzalamaq, sonra da səfirlik ona viza vermək istəməyib.
2017-ci il noyabrın 17-də, nəhayət, oğlanı ABŞ-a gətirmək mümkün olub. Əməliyyat noyabrın 21-nə təyin olunub.
Balaca Conun halından xəbər tutan Albaniyadan olan müsəlman ailə yardım etməyə, eləcə də oğlanı və onun atasını öz evində saxlamağa razılaşıb. 12 gün ata, oğul və missioner Styuart bu ailədə yaşayıb.
Əməliyyat zamanı həkim Liblix oğlanın çənəsinin 2/3 hissəsini götürüb, sonra bud sümüyündən istifadə edərək çənənin yenidən qurulmasını aparıb. Gələcəkdə, o böyüyəndə, ola bilsin ki, əlavə əməliyyat tələb olunacaq, lakin oğlan hələ ki özünü yaxşı hiss edir.