Ana südü ilə qidalandırma haqqında 14 mif

Medpress.az UNİCEF-in  körpələri ana südü ilə qidalandırmağın faydaları haqqında məqaləsini oxuculara təqdim edir.

 

1. Mif? Ana südü ilə qidalandırma asandır.

 

Körpələrin doğulduqdan sonra ananın döşünü axtarması anadangəlmə refleksdir. Lakin bir çox anaların öz körpələrini əmizdirmək üçün onları düzgün mövqeyə gətirməsi və körpənin sinəyə düzgün qoyulmasına praktiki yardımın göstərilməsinə ehtiyac yaranır. Həm anaların, həm də körpələrin ana südü ilə qidalandırmaya öyrəşməsi üçün vaxt və təcrübə tələb olunur. Ana südü ilə qidalandırma həm də çox vaxt tələb edən proses olduğundan, analara evdə və işdə bunun üçün yer və dəstək lazımdır.
 

2. Mif? Ana südü ilə qidalandırmanın ağrılı olması adi haldır – döş gilələrində ağrının olması qaçılmazdır.

 

Bir çox analar doğuşdan sonrakı ilk bir neçə gün ərzində, döşlə əmizdirməyi öyrənərkən, narahatlıq hissi keçirir. Lakin bir çox anaların öz körpələrini əmizdirmək üçün onları düzgün mövqeyə gətirməsinə və körpənin sinəyə düzgün qoyulmasına düzgün dəstəyin göstərilməsi sayəsində döş ağrısını önləmək mümkündür. Analar döşlə əmizdirmə zamanı, döşün ağrıması kimi çətinliklərlə üzləşdikdə, laktasiya üzrə məsləhətçi və ya digər ixtisaslı mütəxəssis məsələnin həllinə kömək edə bilər.

 

3. Mif? Döşlə əmizdirməzdən əvvəl, döş gilələrini yumaq lazımdır.

 

Döşlə əmizdirməzdən əvvəl döş gilələrin yuyulmasına ehtiyac yoxdur. Körpələr doğulduqda artıq öz analarının qoxusu və səsi ilə tanış olur. Döş gilələri körpənin iylədiyi bir maddə buraxır və bu maddədə körpələrin həyat üçün sağlam immunitet sistemi formalaşdırmasına kömək edən faydalı bakteriyalar mövcuddur.

 

A baby sleeping in her mother`s arms.

Bilirdiniz ki, ana südü ilə qidalandırma döş xərçəngi, yumurtalıq xərçəngi və diabet riskini azaltmaqla həm də analar üçün faydalı olur?

 

4. Mif? Ananın istirahəti üçün yeni doğulan körpəni anadan ayrı saxlamaq lazımdır. 

 

Həkimlər, tibb bacıları və mamalar çox zaman doğuşdan dərhal sonra, “dəri təması” adlanan təcrübəni tövsiyə edirlər. Bu təcrübə “ana kenquru qayğısı” da adlanır. Körpəni öz dərinizlə birbaşa təmasa gətirmək çox mühüm bir təcrübədir və onların döşü tapmasına və ona yapışmasına kömək edir. Bunu doğuşdan sonrakı bir saat ərzində və daha sonra tez-tez təkrarlaya bilsəniz, bu, ana südü ilə qidalandırmanı formalaşdırmağa kömək edəcəkdir. Ana bunu edə bilməsə, həyat yoldaşı və ya başqa bir ailə üzvü kömək edə bilər. 

 

5. Mif? Ana südü ilə qidalandırarkən yalnız sadə yeməklər qəbul etməlisiniz.

 

Ana südü ilə qidalandıran analar da hər kəs kimi balanslı şəkildə qidalanmalıdır. Ümumilikdə, yemək vərdişlərini dəyişməyə ehtiyac yoxdur. Körpələr ana bətnində olduqları vaxtdan etibarən, öz analarının yemək vərdişləri ilə tanış olur. Ana yediyi müəyyən qidaya körpəsinin reaksiya verdiyini hiss edərsə, mütəxəssislə məsləhətləşmək tövsiyə olunur. 

 

6. Mif? İdman südün dadına təsir edir.

 

İdman həm də ana südü ilə qidalandıran analar üçün sağlamlıqdır. Onun südün dadına təsir etdiyinə dair sübutlar yoxdur. 

 

7. Mif? Ana südü ilə qidalandırmanı doğuşdan dərhal sonra başlamasanız, daha sonra da bunu edə bilməyəcəksiniz.

 

Ana südü ilə qidalandırmanı doğuşdan sonrakı ilk saat ərzində başlasanız, bu proses daha asan olar, çünki həmin vaxt körpənin refleksləri çox güclü olur. Onlar döş üzərində qidalanmağı öyrənməyə hazır olur. Əgər körpənizi doğuşdan dərhal sonra döşünüzə qoymasanız, bunu imkan daxilində mümkün qədər tez edin. Körpənin döşünüzə qoyulması üçün köməyə ehtiyacınız varsa, peşəkar laktasiya məsləhətçisindən və ya başqa bir ixtisaslı mütəxəssisdən kömək istəyə bilərsiniz. Tez-tez təkrarlanan dəri təması və körpənin döşə qoyulması ana südü ilə qidalandırmanı davam etdirməyə kömək edəcək. 

Yatan uşaq

Bilirdiniz ki, ana südü ilə qidalandırma körpəni qulaq infeksiyalarında, ishal, pnevmoniya və digər xəstəliklərdən qoruyur?

 

8.  Mif? Ana südü ilə qidalandırma zamanı heç vaxt süni uşaq qidasından istifadə etmək olmaz. 

 

Analar ana südü ilə qidalandırmanı davam etdirərkən, bəzi hallarda süni uşaq qidasından istifadə etməyə ehtiyac duya bilərlər. Süni uşaq qidası və ana südünü əvəz edən digər məhsullarla bağlı qərəzsiz məlumatlar axtarmaq vacibdir. Ana südü ilə qidalandırmanı davam etdirə bilmək üçün, körpənizə mümkün qədər tez-tez ana südü verməyə davam edin. Anaların ana südü ilə qidalandırmanı davam etdirməsi baxımından ən uğurlu planı müəyyən etməyə kömək etmək üçün laktasiya məsləhətçisi və ya ixtisaslı mütəxəssislə məsləhətləşmək faydalı ola bilər.  

9. Mif? Bir çox analar kifayət qədər süd istehsal edə bilmir. 

 

Demək olar ki, bütün analar öz körpələri üçün tələb olunan qədər süd istehsal edə bilir. Ana südünün istehsalı uşağın döşə nə dərəcədə düzgün qoyulmasından, döşlə əmizdirmənin tezliyindən və körpənin hər əmizdirmə zamanı nə qədər süd qəbul etməsindən asılıdır. Ana südü ilə qidalandırma “bir qadının işi” deyil və analara dəstək lazımdır. Tibb mütəxəssislərinin ana südü ilə qidalandırma ilə bağlı davamlı məsləhətləri, evdə kömək, sağlam qidalanma və su qəbulu kimi dəstək tələb olunur. 

 

10. Mif? Xəstə olduqda ana südü ilə qidalandırmaq olmaz.

 

Xəstələnmənin növündən asılı olaraq, analar xəstə olarkən də süd verməyə davam edə bilər. Anaların düzgün müalicə qəbul etməsini, istirahət etməsini, qida və su qəbul etməsini təmin etmək lazımdır. Bir çox hallarda bədəninizin xəstəliyi və ya xəstələnməni müalicə etmək üçün istehsal etdiyi anticisimlər körpənizə keçərək onun müdafiə vasitələrini formalaşdırır. 

11. Mif? Ana südü ilə qidalandırırsınızsa, heç bir dərman qəbul edə bilməzsiniz.

 

Ana südü ilə qidalandırdığınızı həkiminizə bildirmək və aptekdən aldığınız hər hansı dərmanların təlimatlarını oxumaq çox vacibdir. Konkret bir zamanda və ya konkret bir dozada dərman qəbul etmək və ya alternativ bir resept qəbul etmək lazım ola bilər. Siz həmçinin körpənin həkiminə də qəbul etdiyiniz hər hansı dərmanlar barədə məlumat verməlisiniz.

A mother breastfeeding her baby.

Bilidriniz ki,  ana südü ilə qidalandırma körpənin beyin inkişafını təmin edir və böyüyəndə məktəb göstəricilərinin artmasına köməklik edir?

 

12. Mif? Ana südü ilə qidalanan körpələr analarından əl çəkmir.

 

Bütün körpələr fərqlidir. Bəziləri necə bəslənmələrindən asılı olmayaraq analarından əl çəkmir, bəziləri isə əksinə. Ana südü ilə qidalanma körpələr üçün yalnız ən yaxşı qidalanmanı təmin etmir, həm də onların beyinlərinin inkişafı üçün vacibdir. Ana südü ilə qidalanan körpələr sinə üzərində çox qalır və buna görə ana südü ilə qidalanmanın ana ilə bağlılığı gücləndirdiyi nümayiş etdirilmişdir.  

13. Mif? Bir ildən çox ana südü ilə qidalandırsanız, körpəni süddən kəsmək çətinləşər.

 

Bir ildən sonra ana südü ilə qidalandırmanın dayandırılmasının daha çətin olduğuna dair heç bir sübut yoxdur, lakin iki yaşa qədər ana südü ilə qidalanmanın həm ana, həm də uşaqlar üçün faydalı olduğuna dair sübutlar mövcuddur. Bütün analar və körpələr fərqlidir və onlar ana südü ilə qidalandırmanı nə qədər davam etdirmək istədiklərini birlikdə müəyyənləşdirməlidirlər. 

14. Mif? Yenidən işə qayıtsanız, körpənizi süddən ayırmalı olacaqsınız.

 

Bir çox analar işə qayıtdıqdan sonra ana südü ilə qidalandırmağa davam edirlər. Əvvəlcə ölkənizdə və iş yerinizdə müvafiq siyasətlərlə tanış olun. Əgər iş vaxtı ana südü ilə qidalandırma üçün vaxt və yerlə təmin olunmaq hüququnuz varsa, evə gedib ana südü verə, yaxud ailənizin üzvündən və ya dostunuzdan körpənizi sizə gətirməsini istəyə və ya südünüzü sağıb evə apara bilərsiniz. İş saatlarında ana südü ilə qidalandırma kimi seçiminiz yoxdursa, südünüzü sağa biləcəyiniz vaxtları müəyyən edin və sonra evdə olduğunuz zaman körpənizi birbaşa qidalandırın. Körpənizə bəzi hallarda ana südü əvəzedicisi verməyə qərar versəniz, körpənizlə olduğunuz zamanlarda ana südü ilə qidalandırmağa davam etmək də çox faydalıdır.
  


Bu məqalə Dr. Michele Griswold (Elmlər doktoru, İctimai səhiyyə üzrə magistr, Qeydiyyatlı tibb bacısı, Beynəlxalq Şura tərəfindən sertifikatlaşdırılmış laktasiya məsləhətçisi) ilə əməkdaşlıq yolu ilə hazırlanmışdır. Dr. Griswold, laktasiya məsləhətçisi, qeydiyyatlı tibb bacısı, ana südü ilə qidalanma üzrə elmi tədqiqatçı və təşviqatçıdır. O, ÜST və UNICEF-in Qlobal Ana Südü ilə Qidalandırma Kollektivində Beynəlxalq Laktasiya Məsləhətçiləri Birliyini təmsil edir. Bu təşəbbüs  hökumətləri və bütövlükdə cəmiyyətləri analara ana südü ilə qidalandırmaq üçün lazım olan dəstəyi göstərməyə çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir