Bu gün əhalinin sağlamlığının qorunması, insanlar üçün qlobal təhlükə törədən qrip, xüsusilə “donuz qripi” kimi tanınan A (H1N1) virusu və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə də sərhəd gömrük-buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq iş aparılır.
Medpress.az report-a istinadla bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, bununla əlaqədar öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı, əzələ və oynaq ağrıları və digər simtomplarla özünü büruzə verən, xəstəliyi hava-damcı yolu ilə sağlam insanlara keçirə bilən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər üsullarla tibbi-sanitariya yoxlaması həyata keçirilir.
Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün lazımi şərait yaradılıb və zəruri əşyalarla təchiz olunmuş yerlər müəyyən edilib.
Həmçinin xüsusi qoruyucu geyimlərdən istifadə etməklə nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirləri də həyata keçirilir.
Eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı Mülki Aviasiya Təşkilatının qəbul etdiyi və ekipajın müvafiq üzvləri tərəfindən imzalanan hava gəmisinin “baş bəyannaməsi” sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir.
Bundan başqa, Səhiyyə Nazirliyi, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün mütəmadi əlaqə mexanizmləri müəyyən edilib.