Ürək xəstəlikləri və əməliyyatları

Aorto-koronar Şuntlama

Aorto-koronar şuntlama-ürək əzələsinin qan təchizatı ilə təmin olunmasını bərpa edən cərrahi əməliyyatdır. Daralmış və ya tıxanmış koronar arteriyaların qidalandırdığı ürək əzələsi, orqanizmin müxtəlif yerlərindən (döş sümüyünün arxasından, qoldan, baldırdan və s.) əldə edilən damarlar vasitəsilə yenidən qidalandırılır. Aorto-koronar şuntlama – ürəyin işemik xəstəliyinin radikal müalicə üsüllarından ən effektivli hesab olunur. Belə ki, bu əməliyyat xəstələrə daha uzun ömür, daha komfortlu və təhlükəsiz həyat bəxş edir.

Son zamanlarda əməliyyatlar döyünən ürəkdə və minimal invaziv üsullarla həyata keçirilir. Bu yeniliklər xəstələtin daha tez sağalıb aktiv həyata dönməsini təmin edir, eyni zamanda yüksək risk qrupuna daxil olan xəstələrin də əməliyyat olunmasına imkan yaradır.

Ürək qapaqlarının cərrahiyyəsi

Ürək qapaq xəstəlikləri anadangəlmə və qazanılmış ola bilər. Ölkəmizdə qazanılmış qapaq xəstəliyi ən çox uşaq vaxtı keçirdilmiş (daha çox 5-15 yaş) revmatizmlə əlaqədar meydana çıxır. Əgər xəstəlik dərmanlarla müalicə olunmursa, onda cərrahi müalicəyə başlanılır. Cərrahi müalicə iki cür tətbiq edilir : qapağın təmiri (xəstənin öz qapağı qorunub saxlanılır) və qapağın protezləşdirilməsi (bərpanın mümkün olmadığı hallarda qapaq xüsusi olaraq hazırlanmış protezlərlə əvəz edilir). Qapaq protezləşdirilməsi bioprotezlərlə (müxtəlif canlılardan götürülür) və ya mexaniki protezlərlə icra edilir. Mexaniki protezlərdən istifadə etdikdən sonra xəstələr ömür boyu qan durulaşdırıcı dərmandan (Varfarin) istifadə etməlidirlər. Bioprotezlərdə isə onlardan istifadə olunmur, lakin bioprotezlərin ömrü mexaniki protezlərə nisbətən azdır. Ona görə də xüsusilə cavan xəstələrdə daha çox istifadə edilir. Qapaq təmiri əməliyyatları, müxtəlif cərrahi rekonstruktiv metodlardan istifadə edərək,xəstənin  öz qapağının qorunub saxlanmasıdır. Bu əməliyyatlar daha aşağı risklə icra olunur, daha uzun müddətli müsbət nəticələr əldə olunur və xəstələrin qan durulaşdırıcı dərman istifadə etməsinə ehtiyac qalmır.

 

Anadangəlmə Ürək Qüsurlarının Cərrahi Müalicəsi

Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin əhəmiyyətli və əsas istiqamətlərindən biri də uşaqlarda və böyüklərdə mövcud olan anadangəlmə ürək qüsurlarının cərrahi yolla bərpasıdır. Ən müasir avadanlıqların və ciddi klinik və cərrahi təcrübənin bir araya gəlməsi nəticəsində bu gün klinikamızda yenidoğulmuşlardan tutmuş böyüklərə qədər hər yaş qrupunda olan xəstələrdə müxtəlif tipli anadangəlmə qüsurların cərrahi əməliyyatları həyata keçirilir. Nəticədə hər tip mürəkkəb qüsurların (böyük damarların transpozisiyası, Fallo tetradası, tam artioventrikulyar kanal qüsuru, pulmonar atreziya, tək mədəcik, Epşteyn anomaliyası) radikal korreksiyası aparılır.

Aorta Anevrizması Əməliyyatları

Aorta anevrizması – döş və qarın aortasının genişlənməsi, nadir və çox təhlükəli xəstəliklərdən sayılır. Anevrizmanın müəyyən ölçüyə qədər böyüməsi, onun yırtılmasına və xəstənin ölümünə səbəb olur. Aorta anevrizmasına səbəb olan damar divarının aterosklerotik dəyişikliyi ola bilər. Bəzi hallarda aortanın genişlənməsi damar divarını təşkil edən kollagen liflərinin anadangəlmə dəyişikliyi ilə bağlı ola bilir. Bu hala ən çox Marfan sindromunda rast gəlinir. Qalxan aortanın kəskin laylanması demək olar ki, hər zaman aortanın yırtılmasına və bir neçə saat ərzində xəstənin ölümünə səbəb ola bilər. Bu halda təcili əməliyyat xəstə üçün həyati əhəmiyyət kəsb edir.

Döş aortasının enən hissəsinin laylanan anevrizması isə döş qəfəsi və qarın boşluğu orqanlarında qan təchizatının kəskin pozulmasına və xəstənin cərrahi əməliyyatına ehtiyac yaradır.

Periferik arteriya xəstəliklərinin cərrahiyyəsi

Periferik arteriyaların okklüziyasının əsas səbəblərindən biri aterosklerozdur. Xəstəliyin kliniki gedişatı hansı damarın və nə dərəcədə ateroskleroz prosesə cəlb edilməsindən asılıdır. Ateroskleroz nəticəsində yaranan xroniki işemiyanın ilk əlamətləri kimi fasiləli axsama və aşağı ətraflarda qan təchizatının pozulması nəticəsində əmələ gələn ağrı tutmalarını qeyd etmək olar. Xəstəliyin proqressivləşməsi istirahət zamanı aşağı ətrafların distal hissələrində ağrıların yaranması, periferik nəbzlərin alınmamağı, quru və soyuq dəri örtükləri ilə xarakterizə olunur.

Venoz xəstəliklərin müalicəsi

Venoz xəstəliklər ən geniş yayılmış xəstəliklərdəndir. Cəmiyyətimiz təqribən 20%-də müxtəlif dərəcədə venoz problemlər mövcuddur. Venoz problemlər əsas etibarilə varikoz genişlənmə və ya venoz çatışmazlıq şəklində qarşımıza çıxır. Vaxtında lazımı müalicə aparılmayan xəstələrdə bu problem ayaq, baldır ağrısından başlayaraq topuqda, baldırda şişkinlik (ödem), xüsusilə gecələr qıcolmalar, ayaqda qaldıqda şiddətli ağrılar, səthi venaların qabarıqlaşması (varikoz genişlənmə), baldır səthində rəng dəyişikliyi (göyərmədən-qaralmayadək) kimi şikayətlərə səbəb ola bilər. Hətta, “ulcus varicosum” deyilən, sağalmayan yaraya (“trofiki xora”)da gətirib çıxarda bilər. (Mərkəzi klinika)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir