Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri fitosanitar karantin baxışı zamanı Ukraynadan Azərbaycana 3 nəqliyyat vasitəsində ümumilikdə 63 ton miqdarında idxal olunan günəbaxan tumundakı zərərli orqanizmlərdən şübhələnib. Məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Medpress.az-a agentlikdən verilən məlumata görə, bu məhsuldan götürülən nümunələrdə respublika ərazisi üçün karantin sayılan zərərli orqanizm -azçiçəkli senxrus (Cenchrus pauciflorus) aşkar edilib.
Bildirilir ki, “Fitosanitar nəzarəti haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə idxal olunmasının və yayılmasının qarşısının alınması məqsədilə müvafiq fitosanitar tədbirlər həyata keçirilir. Zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, 63 ton günəbaxan tumu xüsusi aqreqatlar vasitəsi ilə zərərsizləşdirilib.
Məlumatda qeyd edilir ki, azçiçəkli senxrus zərərvericiliyi bitkilərin məhsuldarlığını azaltması, digər bitkilərin kölgələnməsi, yaylaqların sirayətlənməsi və onların məhsuldarlığının aşağı düşməsi, heyvanların yununun keyfiyyətinin azalması, insanlara və heyvanlara əks təsiri ilə (ağrılar, yaraların uzun müddət sağalmaması) göstərilir. Bu zərərli orqanizm daha çox qarğıdalı, günəbaxan, tərəvəz, bağ bitkilərini və üzüm bağlarını sirayətləndirir, yüksək rəqabət səbəbi ilə bitkilərin məhsuldarlığını azaldır.