Başqa karbohidrat pəhrizlərində olduğu kimi, yerkökü pəhrizinin əsas xüsusiyyəti orqanizmə hər gün yeni və daim yeniləşən hüceyrələrin əmələ gətirməsi, həmçinin hormon və fermentlərin sintezi üçün vacib olan zülal yaratmasıdır.
Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, yerkökünün tərkibində artıq çəkinin qarşısını almaqda vacib rol oynayan yod və sellüloza çoxluq təşkil edir. Əvvəlcə yerkökünü səliqə ilə yumaq və xüsusi bıçaqla təmizləmək lazımdır. Bitkinin üst qatında faydalı maddələr toplandığına görə onun qabığını nazik soyanda həmin maddələr itkiyə getmir. Cavan yerkökünü soymadan, axar su altında şotka ilə tərtəmiz yuyaraq istifadə etmək daha yaxşıdır.
Meyvəköklərini çiy halda yemək çox faydalıdır. Tərkibində təbii sellüloza olduğuna görə, yerkökü pis həzm olunur və ondan, əsasən, salatlara qatqı şəklində istifadə edilir. Yerkökündən hazırlanan şirə də çox faydalıdır. Diyetoloqlar yerkökünü termik şəkildə hazırlamağı məsləhət görmürlər.
On gün qəbul edilən yerkökü pəhrizi çox sadə və primitivdir. Həmin müddətdə yalnız yerkökü və xama yeyilir. Böyük həcmdə yerkökü sürtgəcdən keçirilir və bir az xama əlavə edilərək gün ərzində yeyilir. Sutkada bir dəfə bişmiş yerkökü hazırlanaraq qəbul edilir. Yerkökünün tərkibində orqanizmdən toksin və xolesterin çıxaran təbii sellüloza çəkini azaltmağa kömək edir. Həmin pəhrizə əməl etdikdə minimum 5 kiloqram çəki itirmək mümkündür. Onun qəbulu babasilin müalicəsində mühüm rol oynayır. Enterit və kəskin formada mədə xorası olmadıqda da hər gün yerkökü şirəsi içmək olar. Vitamin qıtlığı zamanı yerkökünü qida ilə qəbul etmək faydalıdır. 100 qram yerkökü şirəsi sutka normasını təmin edir. Lakin şirənin çox qəbul edilməsi dərinin saralmasına səbəb ola bilər. Körpələrə yerkökü şirəsini ikinci-üçüncü aydan sonra bir neçə damcı su ilə qarışdırıb vermək olar.
Yerkökü pəhrizindən mədə-bağırsaq sistemi xəstəlikləri zamanı, hamiləlik və laktasiya zamanı istifadə etmək yolverilməzdir.
Pəhrizin ziyanlı cəhəti qidada zülalın uzun müddət olmamasıdır. Zülal qıtlığı nəticəsində orqanizmdə əzələ toxumalarının azalması baş verir.