ÜST: koronavirusa qarşı vaksinasiya məcburi olmamalıdır

Koronavirusa qarşı vaksinasiya məcburidirmi və peyvəndlər nə dərəcədə təsirlidir? Bu və digər suallar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən cavablandırılıb. Medpress.az BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, ÜST-nin Baş direktoru Tedros Qebreyesus anticisimləri aşkar etməyə və koronavirus infeksiyası olan xəstələrin sayını müəyyən etməyə imkan verən seroloji tədqiqatlardan danışıb.

 

Bu günə qədər bu cür təhlillərin nəticələri dünya əhalisinin böyük əksəriyyətinin hələ də yoluxma riski altında olduğunu göstərir. Dünyada yüzlərlə seroloji tədqiqatlar aparılır, onlar keyfiyyətləri və növləri ilə bir-birindən fərqlənir. Bəzi tədqiqatlar, məsələn, xəstəlikdən sonra anticisim sayının necə dəyişdiyini izləmək məqsədi daşıyır, digərləri bu və ya digər cəmiyyətdəki xəstələnmə göstəricilərini öyrənir.

 

“Biz hələ də müxtəlif əhali qrupları nümayəndələri arasında infeksiyaya qarşı immunitet cavab variantlarını və immun cavab müddətini araşdırırıq”, – deyə, doktor Tedros vurğulayıb. O, yanvar ayında ÜST-ün seroloji tədqiqatlar aparmaq üçün metodları standartlaşdırdığını və 60 ölkədəki alimlərin bu protokollardan istifadə etdiyini xatırladıb.

 

Bundan əlavə, o, bir sıra ölkədə önümüzdəki həftə və ya aylarda COVID-19-a qarşı vaksinasiyanın başlanacağını xatırladıb. ÜST-ün rəhbəri hər şeydən əvvəl bu cür müdafiəyə ən çox ehtiyacı olanlara – səhiyyə işçilərinə və yanaşı xəstəlikləri olan insanlara peyvənd təklif etməyə çağırdı. Daha sonra, ÜST-ün hesab etdiyinə görə infeksiya riski yüksək olan marginal əhali qruplarına qayğı göstərmək lazımdır. Eyni zamanda, ÜST rəhbərinin sözlərinə görə, vaksinasiya prosesində əhali koronavirusa qarşı effektivliyini artıq sübut etmiş qoruyucu tədbirlərə riayət etmək məcburiyyətindədir.

 

COVID-19 peyvəndlərinə olan inamsızlığın necə aradan qaldırılacağı sualı cavablandıraraq, ÜST mütəxəssisləri hakimiyyət orqanlarına insanların dəstəklədikləri rabitə kanalları ilə hərəkət etmələrini tövsiyə ediblər. Məsələn, peyvəndin üstünlüklərini izah edərək, xəstəni müalicə edən həkim vaksini təklif edə bilər.

 

“Şübhəsiz ki, hər bir insan özü qərar qəbul edir, – deyə, doktor Keyt O’ Brayen vurğulayıb. – Lakin bilinməlidir ki, ÜST-də vaksinlərin təhlükəsizliyinə cavabdeh olan sistem yaradılıb. Hər hansı mümkün yan təsirlər diqqətlə araşdırılır”. Vaksinlərin təhlükəsizliyi, onun sözlərinə görə, COVID-19 vaksinasiyasından keçmiş və ya keçən böyük sınaqların əsas amillərindən biridir.

 

Eyni zamanda, onun fikrincə, vaksinasiya məcburi olmamalıdır. ÜST-ün Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan da bu mövqedədir. “Hökumətlərin məcburi peyvənd tələb edə biləcəyi müəyyən hallar var, – deyə o qeyd edib. – Lakin bundan qaçmaq daha yaxşı olar”. ÜST-də “məcburi vaksinasiya” əvəzinə əhalini maarifləndirmək və vaksinlərin təhlükəsizliyi və faydalarına inandırmaq tövsiyə olunur (AZƏRTAC).

 

(Visited 24 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir