Avstraliyanın Sidney şəhərindən olan Brivnna Roulinqsə hamiləliyinin 17-ci həftəsində dəhşətli diaqnoz qoyulub. Həkimlər 19 yaşlı Brivnnaya deyiblər ki, onda leykemiyanın nadir və aqressiv forması var.
Medpress.az xarici mediaya istinadən bildirir ki, gənc qadın seçim qarşısında qalıb: hamiləliyi pozmaq, yaxud öz müalicəsini dayandırıb körpəyə şans vermək. O, ikincini seçib və faktiki özünün yaşamaq şansını iki dəfə azaldıb. Nəticədə körpəyə bu dünyanı görmək qismət olub. Ancaq uşaq müddətdən 3 ay tez doğulub.
Brivnna təcili qeysəriyyə əməliyyatı olunub, bundan sonra qızdırmadan əziyyət çəkib və dözülməz ağrıları başlayıb. Buna baxmayaraq, xəstə ana olduğuna və oğlu Kaydeni əllərinə aldığına görə sevincindən az qalsın ki, ağlını itirsin. Ancaq oğlan bağırsaq infeksiyasına yoluxub və cəmisi 12 gün yaşayıb.
Brivnna bundan sonra öz həyatı uğrunda mübarizə aparmağa məcbur olub. Onun vəziyyəti əvvəlcə yaxşılaşıb və hətta xəstəxananı da tərk edib.
Ancaq sevinci çox çəkməyib. Vəziyyəti yenidən pisləşib və həkimlər sümük iliyi köçürməyi təxirə salıblar. Qızın ailəsi əvvəlcə eksperimental preparat üçün pul yığıblar. Ancaq iki iynədən sonra Brivnna dəhşətli xəstəliklə mübarizəni uduzub. Körpəsini itirəndən bir neçə ay sonra vəfat edib.