Tibb Universitetinin əməkdaşları yeni dərslik hazırladı

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları tərəfindən yeni dərs vəsaiti hazırlanıb. Universitetin mətbuat xidmətindən Medpress.az-a bildirilib ki, “Tibbi mikrobiologiya və immunologiya” adlı bu kitabın müəllifləri dosent Səidə Zeynalova, professor Nigar Ağayeva, dosent Adil Bayramov və İnşallah Əhmədovdur.

 

Orijinal üslubda hazırlanan “Tibbi mikrobiologiya və immunologiya” kitabı son zamanlarda tərtib edilmiş tədris proqramı əsasında yazılıb. Bu dərslik tibbi profilaktika fakültəsinin tələbələri üçün nəzərdə tutulub. Lakin digər fakültənin tələbələri də həmin dərslikdən yararlana bilərlər.

 

Dərslikdə yeni seroloji reaksiyalar, yeni viruslar, əvvəllər proqramda olmayan, indi isə keçilməsi zəruri olan bir sıra mövzular təkmilləşdirilib. Bu da tələbələrin infeksion xəstəliklərin diaqnostikasına dair bilik və vərdişlərinin daha da təkmilləşdirilməsinə imkan verəcək.

 

Dərsliyin ümumi hissəsində sadə və anlaşılan tərzdə mikroorqanizmlərin morfobioloji və kultural xassələrinin öyrənilmə üsulları kifayət dərəcədə şərh olunub. Eləcə də infeksion xəstəliklərin diaqnostikasında seroloji üsulun əhəmiyyəti barədə hərtərəfli məlumat verilib. Xüsusi mikrobiologiya bölməsində isə xəstəliklərin laborator diaqnostika üsulları genişliklə izah edilib.

 

Bununla yanaşı, dərs vəsaitində ilk dəfə olaraq bir sıra xəstəliklərin, məsələn, Laym xəstəliyinin, Psevdomembranoz kolitin və s. infeksion xəstəliklərin mikrobioloji diaqnostikası verilib.

 

Beləliklə, bu il nəşr olunmuş “Tibbi mikrobiologiya və immunologiya” dərsliyi universitetin bütün fakültələrinin tələbələri üçün yararlı dərslik olmaqla təcrübi məşğələ dərslərini tam əhatə edir.

 

Qeyd edək ki, bu sahədəki təcrübə dərsinə həsr olunmuş sonuncu kitabın hazırlanmasından 10 il keçir. Bu müddətdə tədris proqramlarının təkmilləşdirilərək yenidən tərtib edilməsi həmin dərsliyin hazırlanması zərurətini doğurub.

 

(Visited 61 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir