Tibb Universitetində təcrübə keçən ərəb tələbələrə sertifikat verildi

Azərbaycan Tibb Universitetində (ATU) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Tibb və Sağlamlıq Elmləri Universitetinin nümayəndələri ilə görüş keçirilib.

 

Medpress.az-a ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov indiyədək iki ölkənin ali tibbi təhsil müəssisələri arasında yaranan əməkdaşlıq və onun inkişafı barədə danışıb.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev rəhbərlik etdiyi klinika haqqında məlumat verərək deyib: “Azərbaycan Tibb Universiteti və Tədris Cərrahiyyə Klinikası artıq xarici ölkələrdə də kifayət qədər tanınır və biz təcrübə mübadiləsi məqsədilə müxtəlif ölkələrdən tələbələri qəbul edirik. Ümid edirəm ki, BƏƏ universitetləri ilə də bu cür əməkdaşlıq uğurlu alınacaq”.

 

ATU-nun ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov BƏƏ-nin Tibb və Sağlamlıq Elmləri Universitetindən tələbələrin ilk dəfə olaraq onların kafedrasında mübadilə keçdiyini bildirərək deyib: “Belə məsələdə birinci olmaq çətin və şərəflidir. Biz təcrübə keçmək üçün təşəbbüs irəli sürdük, çətin olsa da, nəticə uğurlu alındı”.

 

Birləşmiş Ərəb Əmirliklərinin Tibb və Sağlamlıq Elmləri Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Sabrin Ali Azim əməkdaşlıq üçün şəraitin yaradıldığına görə təşəkkürünü bildirib.

 

Görüşün sonunda ATU-da təcrübə keçən ərəb tələbələrinə sertifikatlar təqdim olunub.

 

(Visited 69 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir