Süd vəzinin axardaxili papillomaları qorxuludur?

Süd vəzi xəstəlikləri sırasında onun axarında olan xəstəliklər də əhəmiyyət kəsb edir. Süd vəzi axarında olan xəstəliklərə 10 faiz hallarda rast gəlinir. Belə xəstəliklərə axarın genişlənməsi – duktoektaziya, axarın mərkəzinin kənara çıxması – divertikul, papillomatoz dəyişikliklər və axardaxili şişi nümunə göstərmək olar. Axardaxili şişdən başqa, bunların hamısı süd vəzinin qeyri-şiş mənşəli, o cümlədən axardaxili xəstəlikləridir. Papilloma və papillomatozun 70 faiz hallarda süd vəzi xərçənginə keçmə ehtimalı olduğu üçün preonkogen xəstəlik hesab edilir. Buna görə də papilloma və papillomatoz aşkarlanan xəstələr həkim müayinəsindən sonra əməliyyat edilməlidirlər.

 

Medpress.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin şüa diaqnostikası və terapiyası kafedrasının müəllimi, universitetin Tədris Terapevtik Klinikasının həkimi, mamoloq-radioloq Günel Qəmbərova məlumat verib.

 

“Axardaxili papillomalar süd vəzinin hər hansı bir və ya bir neçə axarında yaranmış xoşxassəli düyüncüklərdir. Adətən gilənin ətrafında və arxasında, yəni subariolyar sahədə olur. Nadir hallarda süd vəzinin yuxarı hissəsində də rast gəlinir. Həmin hissədə axarlar çox kiçikdir. Belə ki, həmin nahiyədə axarların ölçüsü 0,1, 0,01 millimetrə bərabərdir və onları ultrasəs və digər müayinə üsulları ilə görmək mümkün olmur. Papillomaların əvvəlcə hər hansı klinik əlaməti olmasa da, gecikmiş hallarda qanaxma şəklində özünü göstərir. Subariolyar sahədə olanlar isə erkən qanaxma verir, süd vəzi giləsindən müxtəlif rəngdə al qırmızı, tünd qırmızı, bozumtul rəngdə ifrazatlar gəlməyə başlayır. Bizə müraciət ediləndə ilk olaraq qanda prolaktin hormonunu təyin edir, ultrasəs müayinəsi aparırıq. Ultrasəs müayinə subariolyar nahiyədəki patologiyanı dəqiqliklə görə bilir. Lakin periferiyadakı papillomaları və xəstənin papillomatozdan əziyyət çəkdiyini müəyyən etmək üçün kontrastlı mamoqrafiya aparırıq. Bu, duktoqrafiya müayinəsi adlanır. Belə ki, yod tərkibli kontrast maddəni gilədəki ifrazat gələn nahiyəyə vurur və orqanın ağacabənzər kontrastlı şəklini alırıq. Bu zaman ən kiçik periferiyadakı axarları da görür, patologiya olub-olmamasını öyrənə bilirik. Bu müayinədən sonra pasiyentdə gilədən gələn ifrazatdan götürülən yaxmanın sitoloji analizini aparırıq. Diaqnozlar üst-üstə düşürsə və kliniki baxış papillomanı təsdiqləyirsə, o zaman papillomalar əməliyyatla götürülür. Dünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, papillomaların gələcəkdə axardaxili xərçəngə keçməməsi üçün onların götürülməsi məsləhətdir. Bir daha qeyd etmək istərdim ki, papilloma xoşxassəli düyündür və əməliyyatdan sonra fəsad vermir”, – deyə mütəxəssis diqqətə çatdırıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir