Səhiyyə sistemində islahatlar müzakirə olunur

Dekabrın 26-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Səhiyyə sistemində islahatların idarə edilməsi. Səhiyyə iqtisadiyyatı” mövzusu üzrə təlim təşkil olunub. Təlimin üç gün davam etməsi nəzərdə tutulub.

 

Medpress.az-a Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirib ki, səhiyyə sistemində genişmiqyaslı islahatların aparılması ölkə rəhbərliyinin müəyyən etdiyi uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Səhiyyə sistemində islahatların davam etdirilməsi, ölkə əhalisinin keyfiyyətli və əlverişli şərtlərlə tibbi xidmətlə təmin olunması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi yer tutur. Konsepsiyada səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların ən müasir tibb avadanlıqları ilə təchiz edilməsi, səhiyyə islahatlarının planlı şəkildə davam etdirilməsi nəzərdə tutulub.

 

Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov səhiyyə xidmətinin keyfiyyətinə tələbatın ildən-ilə yüksəldiyini vurğulayıb. O deyib ki, əhaliyə keyfiyyətli səhiyyə xidmətlərinin göstərilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindəndir. Tibb elminin, texnologiyaların sürətli inkişafı səhiyyə sahəsində islahatların aparılmasını, yeniliklərin tətbiqini zərurətə çevirir. Bu, fasiləsiz prosesdir və həmişə davam edəcək.

 

İranlı mütəxəssislərin iştirakı ilə təşkil olunan təlimdə səhiyyə sistemində idarəetmənin təkmilləşdirlməsi, islahatların aparılması, tibb müəssisələrinin maliyyələşməsi, xəstəxana xərclərinin idarə edilməsi kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, beynəlxalq təcrübə təhlil ediləcək və qiymətləndiriləcək.

 

(Visited 47 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir