Dekabrın 13-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları maarifləndirmə tədbirləri çərçivəsində Nizami rayonunda yerləşən 229 saylı orta məktəbdə olublar.
Medpress.az-a agentlikdən verilən məlumata görə, tədbirdə əvvəlcə məktəblilərə bu qurumun fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib, “Qida zənciri”, “Qida məhsullarında etiket qaydaları” mövzularında videoçarxlar təqdim olunub. Bu sahədə vətəndaş məsuliyyətinin və ictimai nəzarətin əhəmiyyətindən danışılıb.
Sonra agentlik əməkdaşları tərəfindən “Qida məhsulları alarkən nələrə diqqət etməli” mövzusunda təqdimat şagirdlərə nümayiş etdirilib. Məktəblilərlə görüş çərçivəsində “Qida əlavələri”, “Meyvə-tərəvəzin dezinfeksiyası”, “Qida zəhərlənmələri” kimi mövzularda şagirdlərlə fikir mübadiləsi aparılıb. Sonda agentliyin mütəxəssisləri məktəbliləri maraqlandıran suallar cavablandırıb və şagirdlərə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanıb.
Layihənin məqsədi məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, AQTA-nın Bakı şəhər idarəsi və Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsinin əməkdaşlarının iştirakı ilə reallaşdırılır və cari ilin sonunadək Bakı şəhərində fəaliyyət göstərən 9 ümumtəhsil müəssisəsində həyata keçirilməsi nəzərdə tutulub.