“Alkoqol qəbulu nəticəsində yaranan psixi davranış pozuntuları diaqnozu ilə 21 909 nəfər xəstə Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır”, -APA-nın xəbərinə görə, bunu Respublika Narkoloji Mərkəzinin (RNM) şöbə müdiri Afət Məmmədova deyib.
O bildirib ki, qeydiyyatda olan xəstələrdən 651 nəfəri qadındır: “Alkoqolizmdən xüsusən 30-35 yaşdan yuxarı olan şəxslər əziyyət çəkir. 2016-cı ildə ilkin olaraq alkoqol asılılığı nəticəsində 551 nəfər qeydiyyata götürülüb ki, onlardan da 28 nəfəri qadındır”.
Alkoqolizmin narkoloji xəstəlik hesab olunduğunu vurğulayan şöbə müdiri qeyd edib ki, bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən xroniki residivləşən, yəni təkrar yaranma ehtimalı olan xəstəliklər qrupuna aid edilir: “Alkoqolizm narkomaniyadan fərqli olaraq bir qədər gecikmiş yaşlarda özünü göstərir. Alkoqolizm xəstəliyinin birbaşa ölümə səbəb olma riski də çox aşağıdır”.