Azərbaycanda aparılan geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb. 2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanması baş verib. Ölkəmizdə də gətirilmə hadisələri ilə epidemioloji əlaqəli olan xəstəlik halları 2018-ci ilin sonundan başlayaraq qeydə alınıb.
Medpress.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, xəstəlik halları əsasən vaxtı ilə peyvənd olunmayan 20-40 yaşlı əhali arasında baş verib: “Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Səhiyyə Nazirliyindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb”.
Bundan əlavə, hər hansı səbəbdən peyvənd olunmayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur. Bu məqsədlə nazirlik 160 min doz peyvənd alınmasını sifariş verib.
Nazirliyin açıqlamasında qeyd edilir ki, qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir.