Müasir dövrdə xəstəliklərin əlamətləri dəyişib

İyirmi-otuz il əvvəl apendisitin əlamətlərinə görə diaqnoz asan və dəqiq qoyulurdu. Hətta buna “tələbə diaqnozu” da deyilirdi. İndi isə xəstəliyin simptomları dəyişib. Belə ki, apendisit ilə gələn xəstələrdə əvvəlki dövrlə müqayisədə əlamətlərin yarısı demək olar fərqlidir.

 

Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının II cərrahi xəstəliklər şöbəsinin müdiri, tanınmış cərrah, professor Xaləddin Musayev deyib.

 

Həkim bildirib ki, xəstəliklərin əlamətlərinin dəyişməsi bir çox amillərdən asılıdır. İnsanların gərək olmadığı vaxtda belə antibiotik qəbul etməsi, səhhətlərinə səhlənkar yanaşması həmin amillər sırasındadır. Bundan əlavə, pasiyentlər həkimə gec, yəni yalnız tibbi müdaxiləyə ehtiyac qalanda müraciət edirlər.

 

Onun sözlərinə görə, bu gün geni dəyişdirilmiş qida məhsullarının çoxalması, xüsusilə də gənclərin onlardan istifadə etməsi bir çox xəstəliklərə yol açır: “Bunlara fast-fud, dönər, şokolad və s. misal göstərmək olar. Belə qidaların görünüşü insanda iştaha yaratsa da, mədə-bağırsaq traktında ciddi dəyişikliyə səbəb olur. İstənilən xəstəliyin əsasında genetik kod dayanır. Yəni nəsildə hər hansı bir xəstəlik varsa, o, genetik olaraq nəsildə yayılır. İndi isə gənclər tərəfindən belə qidaların daha çox qəbulu genetik kodla olan xəstəliyin patoloji zəncirinin inkişafına rəvac verir. Nəticədə müxtəlif xəstəliklər erkən yaşlarda özünü büruzə verməyə başlayır. Ona görə də bir çox xəstəliklərə səbəb olan mədə-bağırsaq problemlərinin qarşısını almaq üçün qidalanmamıza diqqət yetirməliyik”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir