Leykoz qanyaradıcı sistemin bədxassəli xəstəliyidir. Onkoloji proses ilk növbədə sümük iliyində normal qanyaranmanı pozur və sonradan bütün orqanizmə yayılaraq digər orqan və sistemlərin fəaliyyətini dayandırır. Xəstəliyə vaxtında diaqnoz qoyulmadıqda və ya müalicə tədbirləri gecikəndə ölümlə nəticələnir.
Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, bu barədə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Tranfuziologiya İnstitutunun uşaq şöbəsinin rəhbəri, tibb elmləri doktoru Mireldar Babayev məlumat verib : “Yaş, irq və cinsindən asılı olmayaraq hər kəs onkogenli doğulur və şiş hüceyrəsi yaradan geni bütün ömrü boyu daşıyır. Normal halda həmin genin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi orqanizm tərəfindən idarə olunur, yəni orqanizm müxtəlif təsir mexanizmlərindən istifadə edərək həmin genin aktivləşməsinin qarşısını alır. Ancaq bir çox amillərin təsiri altında gen aktivləşə bilir və xəstəlik yaranır. Bura həm daxili, həm də xarici faktorlar aiddir. Xarici faktorlar içərisində ekoloji amili, xüsusilə radiasiyanı qeyd etmək lazımdır. Təsadüfi deyil ki, radiasiyanın güclü olduğu regionlarda xəstəliyin başvermə tezliyi xeyli yüksəkdir. Məsələn, Yaponiyadakı “atom bombası” faktoru və ya keçən əsrin 80-ci illərində baş verən Çernobıl faciəsindən sonra həmin ərazidə yaşayanlar arasında leykoz xəstəliyinə tutulanların sayı dəfələrlə artıb. Proses uzun illərdir ki, davam edir. Radiasiya faktorunun gen aparatına göstərdiyi dağıdıcı təsir mutasion dəyişikliklərin yaranmasına təkan verir və xəstəliyin baş qaldırması ilə nəticələnir.
Kimyəvi maddələrin məişətdə geniş tətbiqi, zərərli və zəhərli qazlarla atmosferin çirklənməsi genetik aparatda pozucu amilə çevrilərək xəstəliyin yaranmasına səbəb olur. Leykoz xəstəliyinin yaranmasında virus faktorunun, xüsusilə Epşteyn-Barr virusunun böyük rolu var.
Eyni mühitdə yaşayan, eyni fiziki-kimyəvi amilə məruz qalanların bir qismində leykoz xəstəliyi yarandığı halda, digər qismində yaranmamasının səbəbi barədə danışan hemotoloq deyib: “Burada daxili amillərin rolunu qeyd etmək lazımdır. Genetik və psixoloji amillər xəstəliyin yaranmasında mühüm və həlledici rol oynayır. Əhalinin genetik sağlam hissəsində, xromosom aparatı daha möhkəm olanlarda xəstəliyə tutulma ehtimalı daha az olur və əksinə, sağlam olmayanlar daha tez xəstəliyə tutulurlar.
Psixoloji amillər içərisində qorxu və stress faktorları xüsusi qeyd edilməlidir. Onların təsiri altında onkogen üzərində nəzarətin kəskin azalması nəticəsində onun fəaliyyəti aktivləşir və xəstəlik yaranır.
Leykoz xəstəliyinə yeni doğulmuşdan tutmuş ən ahıl yaşa qədər hər yaşda rast gəlinə bilər, fərq sadəcə formadadır. Leykoz xəstəliyi altında qanın bir çox onkoloji xəstəlikləri–kəskin, xroniki, limfoblast və mieloblast leykoz cəmlənir. Həmin xəstəliklərin hər birinə müxtəlif yaş qruplarında daha çox rast gəlinir. Məsələn, kəskin limfoblast leykoz həm uşaqlar, həm də böyüklər arasında rast gəlindiyi halda, xroniki limfoleykoza uşaqlar arasında təsadüf edilir. Yaxud kəskin limfoblast leykozun uşaqlar arasında rastgəlmə tezliyi 70-80 faiz olduğu halda, mieloblast leykoz cəmi 15-20 faiz təşkil edir. Ona görə də leykozun rastgəlmə tezliyi bütün yaşlar üçün eynidir, fərq yalnız xəstəliyin formasındadır”.
Şöbə müdirinin dediyinə görə, digər xəstəliklərdən fərqli olaraq leykozun gedişi mərhələli olur. Bu səbəbdən ilkin əlamətlər gedişata müvafiq olaraq üzə çıxır: “Proses sümük iliyi səviyyəsində ikən klinik olaraq anemiya, trombositopeniya, leykopeniya nəticəsində yaranan solğunluq, halsızlıq, zəiflik, iştahasızlıq, hərarət yüksəlməsi, müxtəlif xarakterli qanaxma, qansızma və hematomalar baş verir. Proses digər qanyaradıcı orqanlara yayılanda dalaq, qaraciyər və limfa vəzlərinin böyüməsi müşahidə edilir. Digər sistemlər zədələnəndə baş ağrıları, əsəbilik, görmə və eşitmənin pisləşməsi, diplopiya, müxtəlif parezlərlə müşahidə olunan nevroloji simptomlar, ətraf sümüklərdə leykemik infiltrasiya ilə əlaqədar olan “revmatik” ağrılar yaranır. Vəziyyət “qan simptomlarını” qabaqlayanda çox vaxt müxtəlif qeyri-hemotoloq mütəxəssislər problemi dar çərçivədən qiymətləndirir və nəticədə həmin xəstələr bəzən yanlış olaraq revmatizm, meningit, hepatit, limfadenit, görmə sinirinin parezi və s. digər diaqnozlarla müalicə olunurlar. Ona görə də əlamətlər hər zaman düzgün araşdırılmalı və hemotoloqla məsləhətləşmə aparılmalıdır.
Hemotoloqun apardığı əsas diaqnostik araşdırma sümük iliyinin müayinəsidir. Burada onkoloji blast hüceyrələrin – xərçəng hüceyrələrinin aşkara çıxarılması düzgün diaqnoz qoymağa imkan verir.
Xəstəlikdən tam sağalma ehtimalı barədə danışan mütəxəssis deyib: “Ötən əsrin ikinci yarısına qədər leykoz diaqnozu qoyulan xəstə ölümə məhkum sayılırdı. Bu, həm həkimlər, həm də xəstələr arasında aksiom kimi qəbul edilmişdi. Sonralar elmin inkişafı, müayinə metodlarının təkmilləşdirilməsi, xəstəliyin bioloji aspektlərinin öyrənilməsi, müalicəyə proqram anlayışından yanaşma leykozun proqnozunda inqilabi dəyişiklik yaratdı. Yeni müalicə proqramlarının tətbiqi, ixtisaslaşdırılmış tibb müəssisələrinin yaradılması, onko-hematoloji kadrların hazırlanması, yeni dərman preparatlarının kombinasiyalı tətbiqi, kimyaterapiyanın ağırlaşmaları ilə daha səmərəli mübarizə üsullarının hazırlanması, xəstələrin sosial və psixoloji problemlərinin öyrənilməsi, reabilitasiya mərkəzlərinin yaradılması, xarici hematoloji institutlar ilə kooperativ iş qurulması xəstələrin sağalması istiqamətində əsaslı dönüş yaradıb. Artıq keçən əsrin 80-ci illərindən başlayaraq leykozlu xəstələrin sağalması gerçəkliyə çevrilib. İndi leykozdan əziyyət çəkən xəstələrin, əsasən də uşaqların remissiya çıxma şansı 100, tam sağalma ehtimalı isə 80-85 faizə bərabərdir”.