İnternet Azərbaycanda boşanmaların sayını artıracaq – XƏBƏRDARLIQ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi internetin inkişafı səbəbindən Azərbaycandakı tənha insanların sayının arta və internetin boşanma prosesinə olan təsirinin güclənə biləcəyindən narahatlığını bildirib.

 

Medpress.az trend-ə istinadla bildirir ki, komitənin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərovun fikrincə, Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək.

 

Bütün ölkələrdə boşanmaların sayının çoxaldığını söyləyən Elgün Səfərov əlavə edib ki, BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Almaniyada bağlanan nikahların 35-45 faizi, Bolqarıstan, Türkiyə, Yunanıstan və Macarıstanda isə 25-28 faizi boşanma ilə nəticələnir.

 

Son dövrlərdə Azərbaycanda boşanma faizinin cüzi olsa belə, hər il artdığını deyən komitə rəsmisi bildirib ki, hazırda ölkədə məişət zorakılığı boşanmanın ən birinci səbəbi hesab edilir. Lakin Elgün Səfərov hesab edir ki, əvvəllər ailələrdəki məişət zorakılıqları boşanmaya səbəb olmurdu:

 

“Bu gün isə yanaşma dəyişib. Müasir cəmiyyətdə gedən qloballaşma prosesi boşanmaya da öz təsirini göstərib. Boşanmaların səbəblərinə baxaq. Bu gün Azərbaycanda boşanmalara maliyyə problemləri təsir edir? Xeyr! 1990-cı illərdə maliyyə vəziyyəti dəfələrlə çətin idi. Bu gün ailələrdə zorakılıq törədilirmi? Bəli, törədilr. Ancaq 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində bu zorakılıq halları daha çox olurdu. Bu gün isə gənclərin zorakılığa dözümlülüyü yoxdur. İstər fiziki, istərsə də psixoloji olsun, gənc ailələr zorakılıqla razılaşmırlar. Digər tərəfdən, 2010-ci ilə qədər ölkədə zorakılıq boşanmaya səbəb olan əsas faktor kimi göstərilmirdi. 2012-ci ildən isə məişət zorakılığı ailədə boşanmaya səbəb olan əsas faktor kimi göstərilir”.

 

Elgün Səfərovun sözlərinə görə, problemlərdən biri nikaha daxil olan gənclərin və onların ailələrinin bir-birini yaxşı tanımamasıdır. Digər tərəfdən, ailəli gənclər problemlərinin olduğunu bilsələr də, onun həlli üçün heç bir tədbir görmürlər.

 

 

(Visited 43 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir