2017-ci ildə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693 600-dən artıq müraciət daxil olub. APA-nın xəbərinə görə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva bildirib ki, müraciət edənlərdən 63 300-dən çoxu xəstəxanalara yerləşdirilib.
Onun sözlərinə görə, uşaqlarla bağlı edilən çağırışların sayı 83 000-dən artıq olub: “Stansiyada pediatrik briqadaların fəaliyyəti bərpa olunduğundan keçən il həkim yanında uşaq ölümü baş verməyib”.
Baş həkimin müavini qeyd edib ki, ötən il reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2000 nəfərdən çox olub: “Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 150 325 olub, 12 354 nəfər hospitalizasiya edilib. Miokard infarktı ilə müraciətlərin sayı 865 olub, 814-ə yaxın xəstə hospitalizasiya olunub. Əvvəlki illə müqayisədə miokard infarktı ilə bağlı müraciətlərin sayında azalma, insultla bağlı müraciətlərin sayında isə artım müşahidə edilir”.