Tədqiqatların nəticələri göstərir ki, hər gün pendir yemək infarktın əmələgəlmə riskini azaldır. Redinq Universitetindən olan alimlərin “European Journal of Nutrition” jurnalında dərc edilən məlumatlarına görə, hər gün bir dilim pendir orqanizmin infarktdan müdafiəsini gücləndirir.
Medpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, əksər hallarda bu vərdiş ürək tutmaları ehtimalını 14 faiz azaldır.
Aparılan eksperiment zamanı iştirakçılar iki qrupa bölünüb. Alimlərin tapşırığı ilə hər gün az miqdarda pendir yeyən adamlar bir qrupa, öz tərzində qidalananlar isə digər qrupa salınıb. Nəticədə, hər gün 40 qram pendir qəbul edən könüllülərdə tibbi müayinə zamanı orqanizmin damar patologiyalarından daha yaxşı müdafiəsi müşahidə olunub.
Alimlər izah ediblər ki, “pendir” qrupunda olan insanların orqanizmində “müsbət” xolesterinin miqdarı artıb və eyni zamanda, “mənfi” xolesterinin miqdarı azalıb. Bu xüsusiyyəti şərh edən tədqiqatçılar bildiriblər ki, pendirin tərkibi vitaminlərlə, minerallarla və zülallarla zəngindir. Bu, ürək-damar xəstəliklərindən müdafiə olunmağa kömək edir. Pendir, həmçinin maddələr mübadiləsini yaxşılaşdıran yüksək dozalı kalsiumla da zəngindir.
Pendirin orqanizmin damar sisteminə müsbət təsiri barədə oxşar nəticəyə MakMaster Universitetindən olan elmi mütəxəssislər də gəliblər. Onlar dünyanın 21 ölkəsindən yaşı 35-dən 70-dək olan 130 min insanın sağlamlığı və həyat tərzi barədə məlumatları təhlil ediblər. Bu alimlər müəyyən ediblər ki, emal olunmuş süddən yoqurt şəklində hazırlanmış məhsulun hər gün iki porsiya qəbulu ürək-damar xəstəlikləri və erkən ölüm riskinin azalmasına kömək edir.