Evdə koronavirusdan müalicə zamanı əməl olunması vacib QAYDALAR

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma zamanı xəstəliyi yüngül keçirənlər ev şəraitində müalicə alırlar. Təəssüf ki, həmin xəstələrin müəyyən hissəsi evdə müalicə olunarkən şəfa tapmaq üçün kimdənsə eşitdiyi, yaxud sosial şəbəkələrdə paylaşılan hansısa resept və üsullardan, türkəçarələrdən istifadə edir. Təcrübə göstərir ki, ağırlaşmaların başlıca səbəbi çox vaxt bununla əlaqədar olur. Evdə müalicə zamanı istifadə edilən dərmanları apteklərdə çalışan əczaçıların məsləhəti ilə deyil, həkim tövsiyəsi və ya reseptlər əsasında tətbiq edilməlidir.

 

Medpress.az xəbər verir ki, Bakıdakı 20 saylı poliklinikanın həkim-terapevti Solmaz Musayeva deyib: “Hər dərman bütün xəstələrə eyni qaydada tətbiq edilə bilməz. Müəyyən vitamin qrupları var ki, həkimlə məsləhətləşəndən sonra onları qəbul etmək olar. Həmin vitaminlər əsasən D və S vitamini, sink və selen mikroelementləri, antibakterial və antibiotik dərmanlardır. Həmin dərmanlar sırasına qan durulaşdırıcı preparatlar da daxildir, hətta bəzi xəstələr onu inyeksiya şəklində istifadə edirlər. Antibiotiklərdən qeyri-düzgün istifadə nəinki xəstəliyə müsbət təsir göstərmir, hətta onun gedişatını ağırlaşdıra da bilər”.

 

Digər qrup preparatlar yüksək dozada vitaminlərin venadaxilinə yeridilməsidir ki, bu, qan laxtalanmasına səbəb ola bilər. Ümumiyyətlə, xəstənin ağır simptomları yoxdursa, həkimlər sistemlərlə müalicəni tövsiyə etmirlər. Həmin proses yalnız xəstəxana şəraitində aparılmalıdır.

 

“Qaraciyərə birbaşa təsir edən toksik dərmanların özbaşına istifadəsi yolverilməzdir. COVID-19 infeksiyası ilə yanaşı başqa xəstəliklər varsa, bunu həkimə demək lazımdır ki, onun təyin edəcəyi dərmanlar düzgün olsun”,- deyə həkim-terapevt qeyd edib.

 

Bununla yanaşı, düzgün və rasional qidalanmaya diqqət yetirmək lazımdır. İstirahət və yuxu rejiminə riayət edilməsi də mütləqdir. Eyni zamanda, çoxlu maye qəbul etmək məsləhətidir. Ev şəraitində müalicə zamanı həmin qaydalara əməl olunması tez sağalmağa səbəb olur (AZƏRTAC).

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir