Hər gün kiçik miqdarda şokolad istifadə etməklə yüksək qan təzyiqini sabitləşdirə bilərsiniz. Koimbra Politexnik İnstitutundan olan mütəxəssislərin araşdırmasına əsasən, gündə cəmisi 20 qram şirniyyat ay ərzində təzyiqi aşağı sala bilər.
Medpress.az xarici mətbuata istinadla bildirir ki, aparılan eksperimentlərə əsaslanaraq ən əhəmiyyətli müsbət effekt 90 faizli acı şokolad istifadəsi ilə əldə olunur. Bu effektliyin sirri flavonollardan – güclü antioksidandır.
Araşdırmada iştirak üçün yaşları 18-27 arasında olan 30 sağlam könüllü cəlb edilib. Onların hər biri bir ay müddətində hər gün 20 qram şokolad yeyib. Bu müddətdə təcrübəyə cəlb edilənlərin yarısına tərkibində 55 faiz, digərlərinə 90 faiz kakao olan şokolad verilib.
Alimlər təcrübəyə qədər və başa çatandan iki gün sonra könüllülərin ürək döyünmə tezliyini, damar elastikliyini və nəbzlərini təhlil ediblər. Müəyyən olunub ki, qan təzyiqi göstəricisi təcrübədə iştirak edənlərin hamısında hissolunacaq dərəcədə yaxşılaşıb. Ancaq tərkibində daha çox kakao olan şokolad yeyənlərdə sistolik təzyiq 3,5 millimetr civə sütunundan aşağı düşüb. Digər qrupdakılarda bu göstərici 2,4 millimetr olub. Diastolik təzyiq müvafiq olaraq 23, və 1,7 millimetr aşağı düşüb.
Bundan əlavə, 90 faiz kakaolu şokolad yeyən könüllülərdə ürək döyüntüsü və qarın-arterial qarşılıqlı təsirlərinin göstəricisi daha sağlam olub.