Gözdəki xəstəlik şəkildən aşkar olundu

Ana mobil telefonu ilə çəkdiyi fotolara diqqətlə baxdığında üç aylıq körpəsinin bir gözünün ağ rəngli göründüyünü hiss edib.

 

Medpress.az AZƏRTAC-a istinadla bildirir ki, göz həkiminin müayinəsindən sonra körpə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) gətirilib. Uşaq maqnit rezonans tomoqrafiya (MRT) müayinəsindən keçirilib və dəqiq diaqnoz təyin olunub. Müraciət edərkən şikayətlər leykokoriya (pişik gözü refleksi), mikroftalmiya (gözün anomal inkişafı: göz almasının normadan kiçik ölçüdə olması) və görmə zəifliyi ilə bağlı olub. Müayinələr nəticəsində körpədə retinoblastoma -yəni, gözün retinasının şiş xəstəliyi aşkarlanıb.

 

RMDM-in diaqnostik və invaziv radioloq və endovaskulyar cərrahı, professor Ahmet Memiş bildirib ki, bu xəstəliyə xüsusilə uşaqlarda rast gəlinir: “Şiş əksər hallarda gözün birində əmələ gəlir. Amma bəzən hər iki gözdə də yarana bilər. Retinada bir törəmə olaraq meydana çıxan bu xəstəliyi hətta mobil telefonla da aşkar etmək mümkündür. İşıqlı fotolarda uşaqların göz bəbəyində görünən bəyaz parlaqlıq sayəsində uşağın retinablastoma olub-olmadığını müəyyən etmək mümkündür. Yenidoğulmuşun kataraktası və kongenital persistan vitreus kimi digər patologiyalar da leykokoriyaya səbəb ola bilər”.

 

Retinoblastoma xəstələrində dəqiq diaqnozun təyini üçün oftalmoloq baxışından dərhal sonra MRT müayinəsinin aparılmasının mütləq olduğunu da vurğulayan mütəxəssis deyib: “Sağlam gözlər fotoda, adətən, qırmızı rəngdə çıxır. Övladınızın bir gözündə qaranlıqda balıq pulcuğu kimi parlama olur və uşağın gözü fotolarda daha diqqətəçarpan vəziyyətə gəlir.  Doğulan hər 10 min uşaqdan birində bu xəstəliyə rast gəlinir, əmələgəlmə səbəbləri isə naməlumdur. Xəstəlik başladığı andan sürətlə inkişaf edir və 18 ay müddətində tam inkişaf mərhələsinə çatmış olur. Valideynlər bilməlidirlər ki, belə xəstələrdə göz müayinəsinin ardından ediləcək MRT də çox vacibdir. Bu müayinələr edilərsə, nəinki övladınızın həyatı xilas olar, hətta zədələnmiş gözdə görmə itkisinin də qarşısı alınar”.

 

(Visited 82 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir