Gömrük Hospitalındakı “qara kassa”dan həkimlərə verilən maaş AÇIQLANDI

Martın 7-də  Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Gömrük Hospitalının əməkdaşı Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Medpress.az “report”a istinadən xəbər verir ki, prosesdə Gömrük Hospitalının Planlama və marketinq şöbəsinin müdiri Leyla Mustafayeva şahid qismində ifadə verib.

 

O qeyd edib ki, hospitalda işi həkimlərin fəaliyyətinə görə onlara ayrılacaq məvacibi proqrama köçürmək olub.

 

Suallara cavab verən Leyla Mustafayeva qeyd edib ki, aylıq məvacibinin 170 manatını kartla, 1000 manatını isə nağd alıb: “Hospitalda həkimlər aylıq 10 min, 20 min, 60 min, 90 min maaş alırlar. Orada ən çox cərrahlara maaş verilir”.

 

Gömrük Hospitalının Satınalma şöbəsinin mütəxəssisi Vüsalə Əliyeva isə ifadəsində söyləyib ki, işi verilən sifarişlərin siyahısını tutmaqdan ibarət olub. O, bütün prosesləri idarə rəisi Fikrət Qədiməliyevin icazəsi ilə həyata keçirdiklərini bildirib.

 

Məhkəmənin növbəti iclası martın 11-nə təyin edilib.

 

Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi mətbuat xidmətlərinin birgə yaydığı məlumata görə, 2018-ci il aprelin 30-da keçirilən birgə tədbirlər zamanı qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

 

Görülən tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Anar Məmmədova məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməyən, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 manat təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılıb. Səhiyyə Nazirliyi əməkdaşlarının iştirakı ilə Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməyən, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülüb. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılıb.

 

Dövlət Gömrük Komitəsinin rəhbərliyi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyevi, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyevi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədovu və digərlərini tutduqları vəzifələrdən azad etməklə sərəncama götürüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir