Azərbaycanda qız uşaqlarının sayı azalır – AÇIQLAMA

Son dövrlərdə apardığımız araşdırmalar onu göstərir ki, Azərbaycanda qız uşaqlarının sayı azalır. Amma bu, təbii hal deyil.

 

Medpress.az bildirir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

 

Onun sözlərinə görə, ailələrin bir çoxu qız uşaqlarının dünyaya gələcəyini biləndə, hamiləliyi dayandırır: “Bunun mənfi tərəfləri var. Biz bu məsələni müvafiq qurumlar qarşısında qaldırdıq, lakin bu, qanunla tənzimlənən məsələ deyil. Maarifləndirmə aparılmalıdır. Biz komitə olaraq bunu edir və əhalinin bu məsələdə diqqətini cəlb edirik”.

 

Komitə sədrinin fikrincə, bu istiqamətdə yaranan boşluqlar insanların şüurunda dəyişikliklərə səbəb olur: “Bu stereotiplər olmamalıdır. Çalışırıq ki, tədbirlərimizdə atalar qızları ilə iştirak etsin. Qız uşaqlarının yaxşı oxumağına baxmayaraq, ailələr oğlanların oxumasına üstünlük verirlər. Başa düşürəm ki, oğlan gələcəkdə ailə başçısı olacaq və pul qazanmalıdır. Lakin yaxşı oxuyub, peşəkar mütəxəssis olan qızı dəstəkləmək lazımdır. Bu məsələ bizi hərtərəfli narahat edir”.

 

Hicran Hüseynova bildirib ki, qız uşaqlarının doğulmasını stimullaşdırmaq üçün sosial yardım edilməsi məsələsi hələ gündəmdə deyil: “Bu məsələ hələ söhbət səviyyəsindədir”.

 

O,  təəssüflə qeyd edib ki, erkən nikahlarla bağlı faktlar hələ də qeydə alınır: “Biz mübarizə aparırıq. Azərbaycanda erkən nikahların sayı azalıb. Erkən nikah bir tərəfdən də zorakılıqdır. Yerlərdə fəaliyyət göstərən monitorinq qruplarımız var”.

 

 

(Visited 56 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir