Britaniyanın “The Independent” nəşri öz saytında dünyanın ən isti yerlərinin reytinqini yayıb. Jurnalistlər ilk növbədə ən yüksək temperaturun qeydə alındığı Kaliforniyadakı Ölüm Vadisinin adını çəkiblər. Yayda burada havanın hərarəti 47 dərəcəyə qədər yüksəlir.
Medpress.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıya Efiopiyada duzların və turşu mənbələrinin olduğu Dallol vulkan ərazisi də daxildir. Hesab edilir ki, bura planetin əhali məskunlaşan yerləri arasında havanın orta temperaturunun ən yüksək olduğu yerdir.
Bundan əlavə, reytinqdə yay aylarında havanın temperaturunun 48 dərəcəyə qədər yüksələn Liviyanın Əl-Aziziya şəhəri də var. Eyni hərarətin qeyd alındığı Sudanın Vadi-Xalfa şəhərində isə yağıntı demək olar yoxdur.
Britaniyalılar dünyanın ən isti yerləri kimi Deştə-Lut (İran), Tirat-Tsvi yaşayış məntəqəsi (İsrail), Timbutku şəhəri (Mali), Kebili əyaləti (Tunis), Qadames oazisi (Liviya) və Bəndər-Mahşəhri (İran) tanıyıblar.
“The Independent” bundan əvvəl öz saytında dünyanın ən soyuq yerinin siyahısını yayıb. Bu reytinqə Rusiyanın istifadə etdiyi Antarktidakı “Vostok” stansiyası, Verxoyansk şəhəri, Denali dağı (Alyaska, ABŞ), Freyzer şəhəri (Kolorado, ABŞ) və Kanadadakı Snaq kəndi daxil edilib.