Deputat həkimləri qanun layihələrinin müzakirəsinə dəvət etdi

Dekabrın 19-da Bakıda Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Peşəkar tibbi birlik və assosiasiyaların tibb elmi və ölkə səhiyyəsinin inkişafına cəlb edilməsi” mövzusunda konfrans keçirilib.

 

Medpress.az xəbər verir ki, konfransın məqsədi peşəkar tibbi birliklərin və assosiasiyaların səhiyyə sisteminin təkmilləşdirilməsi, səhiyyə sahəsinin formalaşması, həyata keçirilməsi və elmi-tibbi yeniliklərin tətbiqinin genişləndirilməsində rolunun artırılmasına nail olmaqdır.

 

Konfransın açılışında səhiyyə nazirinin müavini Rəhim Əliyev bildirib ki, ölkəmizdə davamlı tibbi təhsilin həyata keçirildiyi 2017-ci ildən bəri tibbi birlik və assosiasiyaların iştirakı ilə 150-dən çox tədbir keçirilib və konfransın məqsədi səhiyyə sistemində aparılan islahatlarda onların rolunu fəallaşdırmaqdır.

 

Sonra Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli və Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov çıxış ediblər.

 

Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov tibbi birlik və assosiasiyaların son illərdəki fəaliyyəti, bu sahədə sıx əməkdaşlıq, təcrübə mübadiləsi, əməkdaşlığın genişləndirilməsi və s. barədə məlumat verib.

 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov “Peşəkar tibbi birlik və assosiasiyaların səhiyyə sahəsində qanunvericilik təşəbbüsləri” mövzusunda məruzə edib. O, tibbi birlik və assosiasiyaları hazırlanmaqda olan “Psixoloji yardım haqqında”, “Transplantologiya haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, eləcə də hazırda müzakirə edilən “Ailə həkimi haqqında”, “Pasiyentin hüquqları haqqında” qanun layihələrinin müzakirəsində iştirak etməyə, təklif və rəylər verməyə çağırıb. Deputat,  təxminən on il əvvəl qəbul edilən “Tibbi sığorta haqqında” qanuna da yeni yanaşma lazım gəldiyini söyləyib və bu məsələlərin hər birində ictimai təşkilatların da mövqeyinə ciddi ehtiyac olduğunu vurğulayıb.

 

Konfransın panel iclaslarında tibbi birliklərin və assosiasiyaların rəhbərləri beynəlxalq əməkdaşlıq, ilkin səhiyyə və stasionar xidmətdə tibbi təlimatların rolu, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar müzakirələr aparıblar.

 

Müzakirələr zamanı qabaqcıl təcrübələrin yayılması məqsədilə peşəkar tibbi birlik və assosiasiyaların fəaliyyətinin gücləndirilməsinə dair təkliflər səsləndirilib və perspektivlər müəyyən edilib.

 

Konfransın yekununda ölkəmizdə peşəkar tibbi birlik və assosiasiyalar federasiyasının yaradılması haqqında qərar qəbul olunub.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir