Bu qanun layihəsi parlamentdə müzakirəyə çıxarıla bilər

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisin 2019-cu il yaz sessiyasında müzakirəyə çıxarılacaq.

 

Medpresss.az report-a istinadən bildirir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

 

Onun sözlərinə görə, qanun layihəsi tam hazıdır, yaxın vaxtlarda müzakirəyə çıxaracaq: “Yəqin ki, bu ilin yaz sessiyasında qəbul ediləcək”.

 

Qanun qəbul edildikdən sonra Azərbaycanda uşağın cinsinin planlaşdırılmasına icazə verilməyəcək. Layihədə qeyd olunub ki, cins ilə bağlı irsi xəstəliyin keçilmə ehtimalının olduğu hallar istisna, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilmir.

 

Bundan başqa, reproduktiv hüceyrələrin kommersiya məqsədi ilə saxlanması və istifadəsi, insan embrionunun kommersiya, hərbi və sənaye məqsədilə istifadəsi, eləcə də tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilərin (onların hissələrinin) pasiyentin razılığı olmadan saxlanılması və istifadəsi məsuliyyət yaradacaq.

 

Köməkçi reproduktiv texnologiyalardan istifadə qaydalarının və şərtlərinin pozulması, reproduktiv hüceyrələrin kommersiya məqsədi ilə saxlanması və istifadəsi, insan embrionunun kommersiya, hərbi və sənaye məqsədilə istifadəsi, eləcə də tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilərin (onların hissələrinin) pasiyentin razılığı olmadan saxlanılması və istifadəsi, insanın klonlaşdırılması məqsədilə reproduktiv hüceyrələrin və embrionun istifadəsi, cins ilə bağlı irsi xəstəliklərin keçmə ehtimalı yüksək olduğu hallar istisna olmaqla, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılması və ya cinsi mənsubiyyətə görə hamiləliyin pozulması (selektiv abort) Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olacaq.

 

Qanun layihəsinin 15-ci (Reproduktiv hüceyrələrin saxlanılması hüququ) maddəsində bildirilib ki, reproduktiv sağlamlığının itirilməsi təhlükəsi olan nikah yaşına çatan kişi və qadınlar reproduktiv hüceyrələrin saxlanılması hüququna malikdirlər. Reproduktiv hüceyrələrin və embrionun kriokonservasiyası, materialın dondurulması metodu, reproduktiv hüceyrə və embrionun saxlanması şəraiti və müddətləri, ər-arvadın boşanması, onlardan birinin ölməsi halında reproduktiv hüceyrələrin və embrionun istifadəsi və məhvi yazılı məlumatlandırılmış razılıq əsasında həyata keçirilir. Peşə fəaliyyətinin və ya hərbi mükəlləfiyyətin yerinə yetirilməsi ilə əlaqədar reproduktiv sağlamlığın itirilməsi təhlükəsi olduqda reproduktiv hüceyrələrin saxlanılması üzrə xidmətlər dövlət tibb müəssisələrində ödənişsiz həyata keçirilir. Reproduktiv hüceyrələrin kommersiya məqsədi ilə saxlanması və istifadəsi qadağandır. Tibbi müdaxilə zamanı çıxarılan cinsi vəzilər (onların hissəsi) yalnız pasiyentin razılığı olduqda saxlanıla və istifadə edilə bilər. Reproduktiv hüceyrələrin saxlanılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnsanın klonlaşdırılması məqsədilə reproduktiv hüceyrələrin və embrionun istifadəsi qadağandır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir