Onurğa – bel, boyun yırtıqları adlandırılan, əslində isə onurğadakı fəqərələr arasında olan disk yırtıqları son zamanlar ən çox rast gəlinən problemlərdən sayılır. Fəqərələr arası disklərdə olan yırtıqlar onurğanın həm boyun, həm kürək, həm də bel hissəsində yarana bilər. Amma ən çox beldə, boyun hissəsində yaranır. Kürək hissədə çox nadir hallarda rast gəlindiyi deyilir. Günümzdə bu yırtıqların əməliyyat yolu ilə aradan qaldırılması hallarına da geniş rast gəlinir. Disk yırtığı əməliyyatı nə zaman olunur? Onurğadakı disk yırtığı üçün yeganə həll yolu əməliyyatdırmı? Hansı hallarda yırtıq əməliyyatı tələb olunur?
Medpress.az xəbər verir ki, Türkiyədən olan mütəxəssis fizioterapevt Altan Yalım bu suallara cavab olaraq bildirib ki, statistikaya görə, yırtıqların yalnız 2 faizi əməliyyat olunur, qalan 98 faizi istirahət, dərman və fiziki müalicə ilə sağalır.
Yırtıq əlamətləri hansılardır?
Ümumi olaraq bel və ya boyun bölgəsində ağrı, hərəkət çətinliyi, ayaq və ya qolda uyuşma disk yırtığının əsas əlamətləri sayılır. Mütəxəssis deyib ki, beldə, boyunda güclü ağrı, qol və ya ayaqda uyuşma, barmaqlarda və ya topuqlarda güc itkisi, əl və ya ayaq nahiyəsində hissiyyat itkisi, sidik və nəcis ifrazının idarə oluna bilməməsi kimi əlamətlər varsa və 6 həftədən çox müddətdə davam edirsə, dərmanlara və fiziki müalicəyə cavab vermirsə, bu, əməliyyat üçün göstəriş sayılır. Yəni yırtığın onurğa beyninə, sinir köklərinə təzyiqi əlavə risklər, fəsadlar yaratmasın deyə əməliyyata qərar verilməlidir. Onun sözlərinə görə, əməliyyat qorxulu bir şey deyil. Əməliyyatdan sonra xəstələr adətən 24 saatdan sonra evlərinə yazılır, təxminən 4-6 həftə sonra gündəlik həyatlarına qayıda bilirlər.
Yırtıqla bağlı fizioterapiya müalicəsində ən vacib məqam isə müalicə ardıcıllığına riayət etmək və möcüzə vəd edən müalicələrdən mümkün qədər qaçmaqdır.