Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında fəaliyyət göstərən quş kəsimi sexinə baxış keçirib.
Medpress.az-a agentlikdən verilən məlumata görə, baxış zamanı vətəndaş Ceyhun Babayevə məxsus sexin həmin ünvanda gecə saatlarında fəaliyyət göstərdiyi və baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib.
Məlumatda qeyd edilir ki, qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı aşkarlanıb. Həmçinin baxış zamanı sexdə kəsilən toyuqların qanı və iç orqanlarının anti-sanitar şəraitdə sexin döşəməsinə yığılaraq oradan kanalizasiya xəttinə axıdıldığı məlum olub.
Faktla bağlı ekspertizanın aparılması üçün müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.