Azərbaycanın bu bölgəsində qızları məktəbə qoymurlar – SƏBƏB

“Lənkəran, Lerik və Astaranın məktəblərinin əksəriyyətinin siniflərində bir nəfər də olsun qız yoxdur. Bu, heç də yaxşı hal deyil. Cənab nazir, siz bu məsələyə necə baxırsınız?!” –Medpress.az xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycanda İnsan Kapitalı üzrə forum”un panellərində müzakirələr zamanı İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberli təhsil naziri Ceyhun Bayramovdan soruşub.

 

Nazir isə bildirib ki, Təhsil Nazirliyi bu məsələ ilə yaxından maraqlanır: “Bu, bizi ağrıdan məsələlərdəndir. Müxtəlif regionlarda mənzərə fərqlidir. Bəzi yerlərdə təhsilin səviyyəsi və keyfiyyəti şəhər məktəblərinə yaxındır. Dediyiniz regionlarda isə vəziyyət fərqlidir. Bunun üçün biz icmalarla işləyirik. Biz həm də məktəbəqədər təhsilə də xüsusi əhəmiyyət veririk. Artıq bir müddətdir valideynlərlə işləməyə üstünlük veririk. Görürük ki, bu üsul daha effektivdir. 2019-cu ildən bunu daha da genişləndirəcəyik”.

 

Tədbirdə iştirak edən Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə də məsələyə münasibət bildirib: “Biz 26 ildir həm qızlar, həm də oğlanların bilik səviyyəsini yoxlayırıq. Görünən odur ki, bu regionlarda bəzi problemlər var. Regionlarda valideynlər 9-cu sinifdən qız uşaqlarını məktəbə qoymurlar. Biz müşahidə etmişik ki, əvvəllər bu uşaqların arasında yaxşı qiymət alanlar da var idi. Amma indi belə deyil. Valideyin düşünür ki, əgər uşaq bu vaxta qədər 2-3 qiyməti alıbsa, onda ona məktəb daha lazım deyil. Amma elə regionlar var ki, orada qızların sayı çoxdur, oğlanlar azdır”.

 

Məleykə Abbaszadənin dediyinə görə, Azərbaycanın elə bölgələri var ki, orda məktəbdə oğlanların sayı azdır: “Elə regionlar var ki, orada məktəblərin yuxarı siniflərində oğlanlar yoxdur”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir