3 dekabr dünyada Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü kimi qeyd olunur. 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası №47/3 saylı qətnaməsi ilə bu günü cəmiyyət həyatının bütün sahələrində əlillərin hüquqlarının təmin olunması, eləcə də geniş ictimaiyyətin diqqətinin əlillərin problemlərinə cəlb olunması məqdəsilə Beynəlxalq Əlillər Günü (International Day of Persons with Disabilities) elan edib.
Medpress.az xəbər verir ki, indi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub.
Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi bu sahədə qabaqcıl Avropa təcrübəsinin öyrənilməsi ilə yanaşı, fəal ekspert dəstəyinin göstərilməsinə də yardımçı olur. Layihə çərçivəsində hazırlanmış müvafiq qiymətləndirmə forması bərpa-müalicə müəssisələrinə qəbul edilən əlilliyi olan şəxslərin sağlamlıq vəziyyəti ilə bərabər, həmin insanların sosial vəziyyətinə, həyat şəraitinə dair məlumatların öyrənilməsinə imkan verir.