26 mart Epilepsiya Xəstələri Günüdür – Bənövşəyi Gün

26 mart Epilepsiya Xəstələri Günüdür. Epilepsiya Xəstələri Günü və ya Bənövşəyi Rəng Günü ilk dəfə 2008-ci il marın 26-da qeyd olunub. Bu, Kanadadan olan, körpə çağlarından epilepsiya xəstəliyindən əziyyət çəkən doqquz yaşlı Kessidi Meqanın qəlbinin harayı idi. Əksəriyyət onun xəstəliyini dəliliyin yüngül forması kimi qəbul edirdi. Bu isə uşağı incidirdi. Kessidi adamları öz xəstəliyinə inandırmaq və onlara bu barədə danışmaq üçün Bənövşəyi Gün keçirmək qərarına gəlib.

 

Medpress.az-ın məlumatına görə, Yeni Şotlandiyada Epilepsiya Assosiasiyasının nümayəndələri, sonralar isə digər beynəlxalq təşkilatlar bu uşağın səsinə səs veriblər. Beləliklə, 2009-cu ildə Bənövşəyi Günü dəstəkləyən qrupun sıraları 100 minlərlə tələbənin, yüzlərlə siyasətçinin, habelə müxtəlif ictimai təşkilatların hesabına genişlənib. Torontoda məşhur televiziya qülləsini həmrəylik əlaməti olaraq bir axşam bənövşəyi rəngə boyayıblar.

 

Xroniki nevroloji xəstəlik olan epilepsiyaya qəfil qıcolmalar xarakterikdir. Bu xəstəlikdən Yuli Sezar, Aligyeri Dante, Napoleon Bonapart, Makedoniyalı İsgəndər, Alfred Nobel və digər məşhurlar əziyyət çəkiblər.

 

Epilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biridir. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatlarına görə, hər il 2,5 milyon yeni xəstələnmə aşkar olunur.

 

Epilepsiya bədənin hər hansı bir hissəsində və ya bütün bədəndə qısamüddətli təhrik olunmamış tutmalar ( həmçinin qıcolma kimi məlumdur ) şəklində meydana çıxan, beyinin xroniki xəstəliyidir. Epileptik tutma, hətta bir dəfə olduğu halda həm xəstənin, həm də ətrafdakıların kifayət qədər güclü təşvişinə səbəb olur.

 

Müxtəlif ölkələrdə hər 100 min nəfər əhali arasında 20-53 epilepsiyaya tutulma halına rast gəlinir. İnkişaf etməkdə olan ölkələrdə bu göstərici 100-190 hadisə təşkil edir. Azərbaycanda isə bu göstərici 25-dən 83-dək təşkil edir.

 

Hazırda dünyada 50 milyondan çox, Azərbaycanda isə 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir. 

 

Epilepsiyanın yaranma səbəbləri müxtəlifdir. Bir sıra hallarda, əsasən kiçik yaşlı uşaqlarda və yeniyetmələrdə onun əsasında genetik faktorlar durur. Lakin təxminən 50% hallarda epilepsiyanın səbəbi təyin olunmamış qalır. Epilepsiyanın simptomatik növlərində xəstəliyin əmələgəlmə səbəbi beyinin zədələnməsidir: antenatal və perinatal travmalar (məsələn, hipoksiya və doğuş travması), beyinin anadangəlmə malformasiyaları, başın travmaları, insult, sinir sisteminin infeksiyaları (məsələn, meningit, ensefalit), şişləri, parazitar xəstəlikləri (məsələn, exinokokkoz və ya toksoplazmoz).

 

Epilepsiya çoxillik müalicə tələb edir. Epilepsiyanın müalicəsində əsas məqsəd tutmaların tamamilə kəsilməsidir. Müalicə məqsədilə epilepsiya əleyhinə preparatlardan (AEP) istifadə olunur. İlk aşkar olunmuş epilepsiyanın müalicəsi zamanı düzgün dərman seçimi və gündəlik AEP-ın qəbul olunması şərti ilə xəstələrin 75%-də müalicənin müsbət nəticələri müşahidə edilir.

 

Epilepsiya haqqında yanlış təsəvvürlər və xəstəliyə qarşı neqativ münasibətə görə xəstələr təhsil almaqda, işə düzəlməkdə, nigaha daxil olmaqda, həmçinin ailədə və yaxın ətrafdakılar tərəfindən diskriminasiya ilə üzləşirlər.

 

Son 15 ildə Azərbaycanda epilepsiya ilə bağlı problemlərin həlli üçün ciddi işlər görülmüşdür. Epilepsiyanın epidemiologiyası, xəstəliyin nozoloji və semioloji strukturu, onların həyat keyfiyyəti, qadınlarda epilepsiya öyrənilmişdir. Xəstəliyin mövcud olan qeydiyyat sisteminin, diaqnostikanın keyfiyyətinin, müalicənin və sosial yardımın qiymətləndirilməsi aparılmışdır.

 

Ölkəmizdə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir. Bunlardan xəstələrin tibbi yardım və birinci nəsil antiepileptik dərmanlarla (fenobarbital, difenin, karbamazepin və valproy turşusu) dövlət hesabına təmin olunmasını, əlilliyə görə müavinətin ayrılmasını, epilepsiya əleyhinə preparatlarla təchizat, diaqnozun təyinində və differensə olunmuş müalicədə həkim-epileptoloqların konsultasiyalarının təşkili, epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədi ilə onların daim həkim-epileptoloqun və ginekoloqların ciddi nəzarətində saxlanmasını misal çəkmək olar.

 

(Visited 123 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir