Mən varam və olacağam!

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq (UICC) tərəfindən Dünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir. Belə bir günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.

 

Xərçəng orqanizmin hər hansı hissəsində özünü büruzə verən yüzdən çox xəstəliyin ümumi əlaməti ola bilər. Xərçəngin tipik əlamətlərindən biri anomal hüceyrələrin sürətlə inkişaf edərək öz əhatəsini genişləndirməsidir. Həmin proses metastaz adlanır və xərçəngdən ölümün əsas səbəbi sayılır.

 

Xərçəng xəstəliklərinin yaranma səbəblərini müəyyən etmək mümkün olmasa da, erkən müdaxilə nəticəsində bu xəstəliklərin təxminən üçdə bir hissəsinin inkişafının qarşısını almaq olur. İlkin mərhələlərdə xərçəng şişinin aşkar edilməsi onun uğurlu şəkildə müalicə edilməsini mümkün edir. Lakin mütəxəssislər bunu da vurğulayırlar ki, xərçəngə yoluxma hallarının 40 faizə qədərinin qarşısını almaq mümkündür. İlk növbədə, bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan tütün tüstüsü kimi kansoregen maddələrlə zəngın olan məmulatlardan uzaq olmaq lazımdır. Xərçəngin əksər növlərində xəstəliyin vaxtında aşkarlanması və düzgün aparılan müalicə nəticəsində sağalma ehtimalı çox yüksəkdir.

 

Xərçəng dünyada

 

Hər il dünyada 14 milyon insana xərçəng diaqnozu qoyulur. 2030-cu ilə bu rəqəmin 21 milyondan çox olacağı proqnozlaşdırılır.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il dünyada 10 milyona yaxın adam xərçəng xəstəliyindən ölür.

 

Hər il təxminən 9 milyon insan aşağı və orta gəlirli ölkələrdə xərçəng xəstəliyindən ölür.

 

Bütövlükdə dünyada ölüm hallarının 20 faizi xərçəngin payına düşür. Hər il 2,5 milyon adamda onkoloji xəstəlik aşkar edilir. Onkoloji ölümün başlıca səbəbi ağciyər xərçəngidir.

 

ÜST xərçəng xəstəliyinin Avropa regionunda ölüm hallarının əsas səbəblərindən biri olduğunu, yalnız ürək-damar xəstəliklərindən geri qaldığını bildirib. Amma Avropada onkoloji xəstəliklərin sayı ilbəil artsa da, xəstəlikdən ölüm hallarının səviyyəsi azalır.

 

ÜST ekspertləri hesab edirlər ki, dünyada xərçəng xəstəliklərinin 30 faizindən çoxunun qarşısını almaq olar. Bunun üçün sağlam həyat tərzinə üstünlük vermək vacibdir.

 

Təşkilat dünya dövlətlərini bu təhlükəli xəstəliyin profilaktikası tədbirlərini gücləndirməyə, xərçəng xəstələrinin həyat səviyyəsini yüksəltməyə çağırır.

 

İndi ölkələrin qarşısında duran əsas məsələ 2030-cu ilə qədər xərçəng və digər yoluxucu xəstəliklərin vaxtında aşkarlanması, qarşısının alınmasıdır.

 

Xərçəng Azərbaycanda

 

Təəssüf ki, son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də onkoloji xəstələrin sayında artım var. 2017-ci ilə olan məlumatlara əsasən, respublikamızda 45,7 min onkoloji xəstə qeydə alınıb. 2016-cı ildə onkoloji xəstələrin sayı 43,9, 2015-ci ildə 40,6 min nəfər təşkil edib. Hazırda ölkəmizdə xərçənglə üzləşən 17,5 min xəstə var.

 

2009-cu ildə Milli Onkoloji Mərkəzinin açılışından sonra ölkəmizdə xərçəng xəstəliklərinin müalicəsi sahəsində çox böyük irəliləyişlər baş verib. 2012-ci ildə Uşaq Onkologiya Mərkəzi, 2014-cü ildə yeni müalicə korpusu və bədxassəli şişlərinin molekulyar diaqnostikası laboratoriyaları açılıb. 2016-cı ilin aprelində Milli Onkologiya Mərkəzinin nəzdində regionda yeganə olan Nüvə Tibb Mərkəzi açılıb.

 

2019-2021 illərdə Dünya Xərçəngə Qarşı Mübarizə Günü “Mən varam və olacağam!” şüarı altında keçirilir. 2016-2018-ci illərdə isə Dünya Xərçəngə Qarşı Mübarizə Gününün devizi belə idi: “Biz bacaracağıq. Mən bacaracağam!” (We can. I can). 

 

Medpress.az

 

Bu yazını rus dilində oxuyun.

 

(Visited 46 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir