Əhali arasında tez-tez rast gəlinən problemlərdən biri də üz-çənə anomaliyalarıdır. Bu cür problemi olan xəstəyə Azərbaycan Tibb Universitetində (ATU) yüksək ixtisaslı yardım göstərilib.
Medpress.az AZƏRTAC-a istinadən bildirir ki, universitetin mətbuat xidmətindən verilən məlumata görə, ATU-nun ağız, üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Fərzəliyev xəstə barəsində danışıb.
Həkim qeyd edib ki, xəstənin alt və üst dişləri üst-üstə düz gəlmədiyinə görə onda çeynəmə pozuntuları müşahidə edilib. Eyni zamanda, xəstənin üz quruluşunda da əyrilik var idi: “Xəstə bizə müraciət edərkən qida qəbulunda çətinlik çəkirdi. Onun üzündə estetik baxımdan da pozuntular nəzərə çarpırdı. Çənə gözlə görüləcək dərəcədə öndə idi. Müvafiq müayinələrdən sonra tərəfimizdən kompüter modelləşmə ilə xəstəyə əməliyyat planı hazırlandı”.
İsmayıl Fərzəliyevin sözlərinə görə, xəstənin üz skeleti sümükləri üzərində icra olunan, iki saat davam edən əməliyyat uğurla başa çatıb. Nəticədə üzün quruluşu və dişlər normal vəziyyətə gətirilib, çeynəmə qabiliyyəti tam bərpa olunub.