Alport sindromu görmə və eşitmə funksiyalarının pozulması ilə birgə müşahidə olunan irsi böyrək xəstəliyidir. Xəstəlik genetik olaraq, yəni autsom ressesiv yolla ötürülür. Sindrom hüceyrənin X xromosomunda IV tip kollagendə baş verən mutasiya ilə bağlı yaranır.
Medpress.az AZƏRTACA-a istinadla bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nefrologiya şöbəsinin həkim-nefroloqu Orxan Quliyev məlumat verib.
Xəstəliyin əlamətləri haqqında danışan Orxan Quliyev bildirib ki, bunlara sidikdə hematuriya, yəni nəzərəçarpacaq rəng dəyişikliyi, aşağı ətraflarda proteinuriya-şişkinlik, görmə və eşitmə pozuntuları daxildir. Bundan əlavə, əsasən kişilərdə problem özünü renal yetməzlik, yəni böyrək çatışmazlığı ilə müşahidə olunan xroniki gedişlə büruzə verir. Xəstəliyin ilkin əlaməti hematuriyadır. Lakin zaman keçdikcə proteinuriya da meydana gəlir.
Həkim qeyd edib ki, Alport sindromuna daha çox yaşları 20-30 arası olanlarda rast gəlmək mümkündür və təəssüf ki, bu problemdən əziyyət çəkənlərin 90 faizində təxminən 40 yaşdan etibarən xroniki böyrək çatışmazlığının son mərhələsi müşahidə olunur.