Orqanizm üçün ən faydalı içki

Səhər yuxudan oyanan kimi ən azı 1 stəkan su qəbul edilməsi çox faydalı hesab edilir. Uzun illərdir ki, həkim və dietoloqlar suyun orqanizm üçün ən çox faydalı yeganə içki olduğunu deyirlər.

 

Medpress.az-ın məlumatına görə, təbii üsullarla müalicə həkimi Ulduz Hüseynova  bu barədə deyib: “Su hüceyrələri toksinlərdən təmizləyir və immun sistemini möhkəmləndirir, orqanizmin virus, bakteriya və göbələklərlə mübarizə gücünü artırır. Bundan başqa, su qanın qatılaşması və trombozun qarşısını alaraq ürəyin, beynin işemik xəstəlikləri, miokard infarktı və insult riskini azaldır, dəri xəstəliklərinin qarşısını alır və onun sağlam görünməsini təmin edir.

 

Su qəbul edilməsi çəkini azaldır. Məsələ burasındadır ki, orqanizmdə su azalanda maddələr mübadiləsi zəifləyir və bədən hərarəti aşağı düşür. Onun yerini doldurmaq üçün piy toxumasının qalınlığı artır və kökəlmə baş verir. Həmçinin hesab olunur ki, yeməkdən əvvəl suyun içilməsi mədədə toxluq hissi yaradır və çəki itkisinə səbəb olur”.

 

Suyun içilmə qaydası barədə məlumat verən həkim deyib: “Yeməkdən 30 dəqiqə əvvəl içilən su mədə-bağırsaq sistemini qida qəbuluna hazırlayır. Bu, qastrit, duodenit, mədə qıcqırması, mədə, bağırsaq xoraları və qəbizlikdən əziyyət çəkənlər üçün xüsusilə faydalıdır. Yeməkdən 2,5 saat sonra içilən su qidanın parçalanmasına sərf olunan mayenin yerini doldurur və həzmdən sonra yaranan susuzluğu yatırır. Fiziki hərəkətlərdən və idmandan əvvəl içilən su tərləmə üçün ehtiyac olan su deposunu doldurur.

 

Həkim daha sonra bildirib: ”Suyun evdə filtrasiya edilərək içilməsi daha məqsədəuyğundur və məsləhətdir ki, suyu bir qədər qələviləşdirən filtrlərdən istifadə olunsun. Çünki həmin su hüceyrələrə daha asan daxil olur və toksiki maddələri asanlıqla orqanizmdən xaric edir. Qanın pH göstəricisinin 7,4 olduğunu nəzərə alsaq, hüceyrələr və toxumaarası mayenin də turşu-qələvi tarazlığının eyni olması vacibdir. Lakin bir çoxlarının yaşadığı hipodinamik həyat, qeyri-sağlam qidaların yeyilməsi və suyun az miqdarda qəbulu toxumalarda çoxlu turş məhsulların toplanmasına səbəb olur. Sağlamlıqla əlaqədar bir çox problemlərin həllini məhz qələviləşdirilmiş suların qəbulu ilə tapmaq olar”.

 

Ulduz Hüseynova qeyd edib ki, orta hesabla gündə 1,5-2 litr filtrasiya olunmuş təmiz və qazsız su içmək tövsiyə olunur. Lakin qəbul edilən suyun miqdarı çəki, fəaliyyəti növü və iqlim şəraitindən asılı olaraq dəyişə bilər. Onun dadını dəyişmək üçün içərisinə bir az zəncəfil, limon, və ya portağal qatmaq olar (AZƏRTAC).

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir