Fiziki aktivliyi üstün tutan qadınlar oturaq həyat tərzi keçirən həmcinsləri ilə müqayisədə ürək-damar sistemi problemlərindən əhəmiyyətli dərəcədə çox müdafiə olunurlar. Medpress.az -ın“The Daily Mail” nəşrinə istinadla verdiyi xəbərə görə, Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, oturaq iş rejimini cəmi bir saat qısaltmaqla ürək-damar xəstəlikləri riskini 10, ürək xəstəliyi riskini isə 25 faizdən çox azaltmaq olar.
Alimlər bu nəticəyə 63-97 yaş arasında olan, insult və ya ürəktutması keçirməyən 5600 qadın üzərində apardıqları müşahidələrdən sonra gəliblər. Təhlillər göstərib ki, fiziki aktivliyin gündəlik hər əlavə saatı damarların və ürəyin xəstəlikləri riskini müvafiq olaraq 12 faiz və 26 faiz azaldır.
Hər gün 11 saat və daha artıq oturaq həyat tərzi keçirən qadınlar fiziki cəhətdən aktiv olan həmcinsləri ilə müqayisədə diabet və hipertoniya kimi problemlərdən daha çox əziyyət çəkirlər. Həm də uzun müddət fasiləsiz oturan qadınlarda ürək xəstəliyi riski iş yerində fasilə edən və gəzişənlərlə müqayisədə 52 faiz daha çoxdur.
Nəhayət, nəticə belədir: istənilən aktivlik müsbət effekt verir. Hətta 1-2 dəqiqəlik fiziki aktivlik də faydalıdır. Oturaq həyat tərzi ürəyə gedən qanın həcmini azaldır, həmçinin qan damarlarının daxili divarları – endoteliyə də zərər verir.