Zəncəfil haqda bilmədiklərimiz – FAYDALI RESEPTLƏR

Zəncəfil əsasən immuniteti gücləndirən, soyuqdəyməyə qarşı qiymətli bitki kimi tanınır. Ancaq koronavirus pandemiyası ilə əlaqədar bu bitkinin qiyməti sözün həm həqiqi, həm də məcazi mənasında xeyli qalxdı. Əslində, bu xüsusiyyətlər zəncəfilin imkanlarını tam göstərmir. Medpress.az həkim-fitoterapevt Füzuli Hüseynova istinadən oxucularına bu möcüzə bitkinin digər faydaları, xalq təbabətində yeri barədə məlumat verir.

 

Zəncəfil:

 

        – latın dilində – Zingiber officinale Roscoe

        – türk dilində – Zencefil

        – ingilis dilində – Ginger

        – rus dilində – İmbir

 

 

Zəncəfilin botanikası

 

Çoxillik, boyu 1,5 metrəyə qədər qalxan bir bitkidir. Yarpaqları 2 sm enində və 20 sm uzunluğunda lansetvaridir. Sarı rəngdə çiçəkləri vardır. Müalicə və ədviyyat kimi kök yumurularından istifadə edilməkdədir.

 

Yayılması

 

Şərqi Asiyada geniş yayılmışdır. Hindistanda, Nigeriyada, Tayvanda becərilməkdədir. Təəssüf ki, Azərbaycanda bitmir. Amma istixanalarda asanlıqla artırmaq mümkündür. Maraq xatirinə təzə zəncəfil kökünü ev dibçəklərinə əkib artıra bilərsiniz.

 

Zəncəfilin tərkibi

 

Zəncəfil köklərinin tərkibində  6-8% miqdarında oleorezin, 3% miqdarında efirli birləşmələr (hansı ki, zəncəfilə gözəl ətir verir -bunlar kamfen, beta fellandren, 1,8 sienol, geranial), monoterpenlərdən limonen, mirsen, borneol, qeraniol, linalol və sair vardır. Seskiterpenlərdən isə 50-70% beta-bisabolen, zingiberen, kurkumin var.

 

Zəncəfil Qurani-Kərimdə

 

Quranda zəncəfil haqqında “İnsan” surəsində 17-ci ayədə “Orada onlara zəncəfil qatılmış şərab badəsi içiriləcək” deyə yazılır. Ora deyəndə, cənnət nəzərdə tutulur və cənnətdəki şərab insanı məst etməyəcək.

 

Zəncəfil xalq təbabətində

 

  • İnsan bədənində bütün toxumaları qan qidalandırırsa, zəncəfil də qanı qidalandırır desək, yanılmarıq. Çünki zəncəfil qanı daha rahat çalışdırır, zəncəfil içdikdən sonra qan toxumaların bütün hissələrinə çatıb onu tam qidalandıra bilir, qan dövranındakı pozğunluğu aradan qaldırır. Kiçik bir misal: əlləri, ayaqları daima soyuq olan insanlar, gündə 3 dəfə bal ilə şirinləşdirilmiş zəncəfil çayı için, nəticə mükəmməldir, bunu özünüz görüb zəncəfilə qiymət verəcəksiniz.

 

  • Bütün növ ürəkbulanmalarda -istər hamiləlik, istər kimyəvi terapiyadan sonra, istər beyin mənşəli ürəkbulanmalarda, istər mədə-bağırsaq mənşəli ürəkbulanmalarda əvəzsiz nemətdir zəncəfil. Ürəkbulanmalar zamanı təzə zəncəfil quru zəncəfildən daha faydalıdır.

 

  • Bağırsaq spazmalarında, yemək yedikdən sonra yeməyin mədəyə yığılıb qalması, bağırsaqlarda köp olması hallarında zəncəfil çayının içilməsi bağırsaqların hərəki funksiyasını artırır. Zəncəfil mədə bağırsaq divarının keyfiyyətini artırır.

 

  • İllərdən bəri xalqımız zəncəfil qarışdırılmış balı bədən zəifliyində, immunitet zəifliyində, halsızlıqlarda, baş gicəllənmələrdə istifadə edib. Adət hallarının (aybaşı) pozulması zamanı, daha çox adət hallarının gecikməsi zamanı zəncəfil çayının içilməsi faydalıdır. Zəncəfil çayından mütəmadi istifadə edən xanımlarda klimaks daha gec baş verir. Adət halında yubanmalar və tsiklin tez qurtarması kimi pozğunluqlar olmur.

 

  • Zəncəfil tozunun balla qarışımı xroniki öskürəklərdə çox faydalıdır. Zəncəfil tozu qarışımlı bal immun sistemini gücləndirməklə yanaşı allergik bronxit mənşəli öskürəklərin müalicəsində çox faydalıdır.

 

  • Zəncəfildən arıqlmaq məqsədilə istifadə edə bilərsiniz. Zəncəfil çayı oksidləşmə-reduksiya proseslərini artırır, yəni piylərin əridilməsini sürətləndirir. Maraqlıdır ki, zəncəfil çayı həm də iştah açır. Ona görə də arıqlamaq məqsədilə çayı yaxşı olar ki, yeməkdən 1 saat sonra içəsiniz.

 

  • Oynaq ağrılarında, əzələ ağrılarında, baş ağrılarında zəncəfil çayı əvəzolunmazdır. Revmatizmaların bütün növlərində zəncəfil həm müalicəvidir, həm də ağrıkəsici təsirlidir.

 

  • Zəncəfil qarışdırılmış bal məcunu cinsi istəyi artırır, spermaların kəmiyyətini və keyfiyyətini artırır.

 

  • Zəncəfil çayı soyuqdəymələrdə, qriplərdə, temperaturun yüksəlməsi zamanı çox faydalıdır. Belə hallar olan zaman bəzən xəstələrimə gün ərzində 8-10 banka zəncəfil çayını zoğal mürəbbəsi ilə içmələrini, bəzən də tərləyənə qədər içməyi məsləhət görürəm. Zəncəfil yaxşı tərlədicidir.

 

  • Təzə zəncəfili ət maşınından keçirib, bərabər miqdarda kartof əzməsi ilə qarışdırıb boyun osteoxondrozunda onurğa üstündəki ağrılarda, diz artrozlarında, ümumiyyətlə bütün onurğa ağrılarında parçaya yaxaraq təpitmə edib bağlayın, bacardığınız qədər çox saxlayın. Belə hallarda mükəmməl bir ağrıkəsici rolunu oynayacaqdır.

 

Zəncəfil elmi təbabətdə: zəncəfil köklərinin elmi araşdırılmasının nəticələri

 

İltihab əleyhinə və kapilyargenişləndirici təsir. İn vitro çalışmalarda zəncəfilin sulu ekstraktı kapilyar keçməzliyinə səbəb olan epinefrin, ADP və araxidon turşusunu blokada etmişdir. Zəncəfil dəmləməsi həm də qanda prostoqlandinlərin blokatoru kimi təsir göstərmişdir. Deməli, zəncəfil kapilyar qan keçriciliyini artırmaqla qan dövranı pozğunluğunda, reyno sindromunda, müxtəlif mənşəli iltihabi xəstəliklərdən sonra qanda yüksəlmiş olan prostqlandinlərin miqdarını azaltmaqla müalicəvi təsir göstərir.

 

Antioksidant təsir. Zəncəfilin tərkibindəki geraniol, paradol, zingeron kimi birləşmələrin lipid peroksidazasına qarşı qoruyucu olduqları sübut edilmişdir. İn vitro olaraqsa zəncəfil dəmləməsinin OH2, O2 və ABTS sərbəst radikallarına qarşı təsiri müəyyən edilmişdir. Sərbəst radikallara qarşı təsir isə xərçəng əleyhinə müalicəvi və profilaktik olaraq istifadə olunma deməkdir.

 

Antimikrob təsir. Zəncəfilin təsiri iltihabi xəstəlik olan revmatizmalı xəstələr üzərində araşdırılmışdır. Zəncəfil həm daxilə verilmiş, həm də oynaqlara yeridilmişdir. Oynaqlarda şişkinlik və ağrılar olan xəstələrdə zəncəfil ekstraktını fizioterapiya aparatlartı ilə sorulmasını sürətləndirmiş, sonda ağrılarda və iltihabi şişkinlikdə azalmalar olmuşdur.

30 xəstə üzərində isə belə bir sınaq aparılmışdır: xəstələr 2 qrupa bölünmüş, bir qrupuna plasebo, digərinə isə zəncəfil ekstraktlı kapsullar verilmişdir. Nəticədə yenə zəncəfil qəbul edən xəstələrdə müsbət dinamika qeydə alınmışdır.

 

Zəncəfilin uzun müddət istifadəsi (təkrarlanan doza həddi)

 

Ərəb xalqları demək olar, hər gün zəncəfildən istifadə edirlər. Onların hər gün zəcəfildən bəlli bir miqdarda istifadə etmələrinə nəzarət olunmuş, 3 ay nəzarətdən sonra insan bədənində morfoloji dəyişikliklər baş verməmiş, daxili orqanlarda heç bir toksiklik müşahidə olunmamış, spermanın kəmiyyət və keyfiyyətində zəifləmə müşahidə olunmamışdır. Bu o deməkdir ki, zəncəfildən daimi istifadə etməklə onun yalnız faydalı xüsusiyyətlərindən yararlanmaq olar. Bir sözlə, uzunmüddətli istifadənin bədən üçün heç bir ziyanı yoxdur.

 

Hamilələrin zəncəfildən istifadəsi

 

50 hamilə qadın nəzarətə götürülmüş, onların 25-nə plasebo (yəni müalicə etməyən yalançı kapsul), digərlərinə isə zəncəfil ekstraktlı kapsul verilmişdir. 27 həftə davam edən müşahidədən sonra hamiləlik bitəndən sonra uşaqlara diqqət edilmiş, zəncəfil qəbul edən anaların uşaqlarında heç bir qüsur qeydə alınmamışdır. Zəncəfil ürəkbulanmanı aradan qaldırdığından, hamilə qadınlar rahat şəkildə istifadə edə bilərlər.

 

(Visited 142 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir