2019-cu ildən Azərbaycanın bütün ərazisində İcbari Tibbi Sığortanın tətbiqinə başlanılacaq. Bu prosesin icrası üçün yeni “TƏBİB” adlı agentlik yaradılıb. Əhalini düşündürən suallar arasında icbari sığortaya hansı xəstəlik və müayinələrin daxil olması da var. Vətəndaşları müalicəsi həddən artıq baha olan onkoloji xəstəliklərin də bu siyahıya daxil olub-olmaması da ciddi düşündürür.
Medpress.az xəbər verir ki, 2020-ci ilin yanvar ayından başlayaraq Səhiyyə Nazirliyinin tabeliyində olan bir çox tibbi qurumlar və xəstəxanalar TƏBİB agentliyinin tərkibinə daxil ediləcək.
Bu müəssisələrin tam siyahısı isə yaxın zamanlarda təsdiqlənəcək. İts.gov.az saytına daxil olmaqla İTS-nın baza paketində qeyd edilən 1829 adda tibbi xidmətlə tanış ola bilərsiniz:
Vətəndaşlara göstəriləcək tibbi xidmətlərin bir hissəsi bunlardır:
– Təcili və təxirəsalınmaz tibbi yardım – 6 növ xidməti
– İlk tibbi yardım – ailə həkimi – 18 növ xidməti
– Ambulator müayinə və müalicə – 480 növ xidmət
– Stasionar müalicənin 677 növü
– Funksional – diaqnostika müayinəsi – USM, KT, MRT, retngen və s.
-Fizioterapevtik xidmətlər – 23 növü
– Laborator xidmətlər – 459 növü
– Cərrahi əməliyyatlar, bunlardan bahalı açıq və qapalı ürək-damar, koxlear implantasiya və s.
Bu siyahıya hamiləlik, doğum, təcili vaksinasiya, planlı vaksinasiya, təqvimə görə uşaq peyvəndləri, dispanser müşahidələri də daxil ediləcək.
– Dövlət proqramlarına daxil olan onkoloji xəstəliklər, şəkərli diabet, qan xəstəlikləri və digər xəstəliklər üçün dövlət büdcəsindən vəsait ayrıldığı üçün onlar sığorta paketinə daxil olunmayıb. Bu dövlət layihələrinin müddəti bitdikdən sonra onlar da daxil ediləcək.