Qida təhlükəsizliyinə real təhlükə – RƏSMİ

“Anbar zərərvericiləri yeyinti məhsulları və müxtəlif yüklərlə uzun məsafələrə yayılır. Xüsusilə karantin vəziyyəti zəif öyrənilmiş ölkələrdən bitki mənşəli məhsulların idxalının ildən-ilə artması, zərərli orqanizmlərin ölkə ərazisinə gətirillməsi kimi real təhlükə yaradır. İl ərzində idxal edilən karantin nəzarətində olan yüklərə baxış zamanı Azərbaycanda karantin tətbiq edilən onlarla növ aşkar edilir”.

 

Medpress.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.

 

Agentlikdən qeyd olunub ki, hazırda bəzi saxlanma yerləri müasir tələblərə cavab vermir: “Eyni zamanda, anbar zərərvericilərinin növ tərkibi hiss ediləcək dərəcədə artıb. Bu zərərvericilər müxtəlif substratları, xüsusən dəni, unu, yarmanı, quru meyvələri, meyvə-tərəvəzləri, heyvan mənşəli məhsulları, qarışıq yemləri, otu, dərman xammalının saxlanma yerlərini, nəqliyyat vasitələrini və s. yoluxdura bilir. Zərərvericilər məhsulun çəkisini azaldır, keyfiyyətini aşağı salır, toxumların cücərmə faizini azaldır. Bir çox gənə və həşəratlar allergenlər yaradır ki, bu da insanlarda allergik xəstəliklərin inkişafı üçün risk amili ola bilər”.

 

 

Qurumdan bildirilib ki, anbar zərərvericiləri ilə profilaktik və məhvedici tədbirlər görməklə mübarizə aparılır: “Fumiqasiya geniş yayılmış məhvetmə üsullarından biridir. Belə ki, fumiqasiya zamanı zərərvericilər zəhərli buxar və ya qazlarla məhv edilir. Zərərsizləşdirmə işlərinin texnologiyasına əməl etdikdə, 100% səmərə almaq mümkündür. Lakin fumiqantlardan yanlış istifadə, bu zaman qaydalara əməl edilməməsi ciddi fəsadlar yarada bilər. Odur ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, fumiqantlar tətbiq edilərkən xüsusi qaydalara əməl edilməlidir. Belə ki, həblərin vahid sahəyə düşən norması sahə üzrə bərabər şəkildə paylanmalıdır. Həblərin qeyri-bərabər paylanması nəticəsində, yanğın və partlayış baş verə bilər. Digər tərəfdən bu məhsulun orqanoleptik göstəricilərinin pisləşməsinə və yüksək dərəcədə kimyəvi çirklənməsinə səbəb ola bilər.

 

Fumiqasiya prosesinə qədər təşkilatı işlər planlı şəkildə aparılmalı, müvafiq orqanlara fumiqasiyanın aparılması barədə məlumat verilməli, xəbərdaredici lövhələr hazırlanmalı, qaz sızmasının qarşısının alınması məqsədi ilə obyekt hermetikləşdirilməlidir. Fumiqasiya və deqazasiya zamanı təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət edilməlidir”.

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, hər il anbar zərərvericiləri 65 mln. ton ərzaqlıq və toxumluq dəni məhv edir. Halbuki bu məhsulla 135 mln. insanı və ya bütün Afrika qitəsinin əhalisini qida ilə təmin etmək olar. Hazırda 400 növdən artıq anbar zərərvericisi mövcuddur.

 

(Visited 79 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir