Milli Məclisin ən fəal deputatlarından olan Qənirə Paşayeva bir müddət əvvəl səhhətində yaranan problemlə bağlı məlumat yayıb. Medpress.az xəbər verir ki, deputat özünün “Facebook” səhifəsində bu müddətdə ona dəstək olanlara, səhhəti ilə maraqlananlara təşəkkürünü də bildirib.
“Əziz dostlar, hər birinizə keçirdiyim əməliyyatla bağlı zəngləriniz, mesajlarınız, dualarınız üçün minnətdaram. Hər iki əlimdə “karpal tunel sindromu” diaqnozu ilə əməliyyat keçirdiyim üçün və həkimlər bir neçə gün telefonla danışmağın, mesaj yazmağın keçirdiyim əməliyyatdan dolayı mümkünsüzlüyünü söylədiklərindən ayrı-ayrılıqda zənglərinizə cavab verə, mesajlarınıza cavab yaza bilmədim. Ailə üzvlərim imkanlar daxilində cavab verməyə çalışdılar. Hər birinizə minnətdaram. İnşallah, Yaradanın, dəyərli həkimlərin və sizin kimi gözəl insanların duaları ilə yaxın günlərdə, təxminən 1 ay içərisində həkimlər vəziyyətin yavaş-yavaş düzələcəyini deyirlər. Yaradana şükürlər olsun. İnanıram ki, Onun dəstəyilə və sizin kimi gözəl insanların duaları ilə yavaş-yavaş yenə müxtəlif tədbirlər çərçivəsində görüşəcəyik. Allah hamınızdan razı olsun”, – Qənirə Paşayeva yazıb.